MƏDƏNİYYƏT
Abadlaşan Ramananın turizm imkanları genişlənir VİDEO
Bakı, 7 iyul, Xəyalə Cəfərova, AZƏRTAC
Ramana qəsəbəsi Bakının Sabunçu rayonu ərazisində yerləşir. Bu ərazi tarixən Bakının neft sənayesi mərkəzlərindən sayılıb.
AZƏRTAC-ın çəkiliş qrupu qəsəbədə aparılan yenidənqurma işləri və yaradılan şəraitlə yaxından tanış olub.
“Bakı Abadlıq Xidməti” MMC-nin əməkdaşı Leyla Mirzəyeva Ramana qəsəbəsində yaradılan “İnfotur”un həm yerli, həm də xarici qonaqlara göstərəcəyi fəaliyyət sahəsi haqqında məlumat verib: “Abadlaşdırılan və yeni iaşə obyektləri yaradılan Ramanı haqqında turistlərə üç dildə - Azərbaycan, ingilis və rus dillərində məlumat veriləcək. Hazırda yerli əhalinin vaxtının daha səmərəli keçirilməsi məqsədilə teatr və rəsm dərnəkləri, idman kompleksləri fəaliyyət göstərir”.
“Bakı Abadlıq Xidməti” MMC-nin baş rəssamı Emin Ələkbərov qəsəbədaxili yenidənqurma işləri haqqında ətraflı məlumat verərək, əhalinin məşğulluğunun artırılması sahəsinə də xüsusi diqqət ayrıldığını vurğulayıb: “Rabitə, elektrik xətləri kompleks şəkildə yenilənib, vaxtı ilə istismara yararsız olan küçələr daşla döşənib. Burada küçələrin abadlaşdırılması ilə yanaşı, əhalinin işlə təmin edilməsi də nəzərə alınıb. Məqsəd aztəminatlı ailələrə dəstək olmaq, həmçinin yaşıllıqların genişləndirilməsinə, bitkiçiliyin və kənd təsərrüfatı məhsulları emalının inkişafına töhfə verməkdir”.
Ramanada reallaşdırılan vertikal bağçılıq layihəsində iştirak edən Əli Allahverdiyev vertikal bağ haqqında məlumat verib: “20-ə yaxın həyətdə vertikal bağlar quraşdırılıb. Ümumiyyətlə bu layihə kiçik ərazini əhatə etməklə, gəlir gətirməyə xidmət edir. Bizim bağımızda reyhan, kahı və çiyələk mövcuddur. Hazırda məhsullar 10-15 gündür ki, yetişir, təxminən iki-üç aydan sonra onları toplayıb satışa çıxaracağıq”.
Yenidənqurma işləri zamanı tarixi abidələrin və ətraf mühitin qorunmasına xüsusi diqqət yetirilib. Belə ki, bütün küçələrin hasar divarları üzərində gözoxşayan rəssam, eləcə də Abşeronun yaşayışını və qədim memarlığı əks etdirən avanqard təsvirlər yer almaqdadır. Burada yaradılan yeni iaşə obyektləri ilə yanaşı, qədim sənətkarlıq sahələri də fəaliyyət göstərəcək ki, bunun da turistlərin marağına səbəb olacağı gözlənilir.