SİYASƏT
Abbas Müsəvi: Azərbaycan rayonlarının işğaldan azad edilməsi Tehran ilə Bakı arasında yeni əməkdaşlıq imkanları yaradıb
Tehran, 18 iyun, AZƏRTAC
Hökumətin dəyişməsi İran-Azərbaycan münasibətlərinə heç bir mənfi təsir göstərə bilməz. Çünki bu münasibətlər milli maraqlarla yanaşı, həm də mehriban qonşuluq və dostluq prinsiplərinə əsaslanır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Seyid Abbas Müsəvi deyib.
O bildirib ki, hər iki dövlət birlikdə nəqliyyat və tranzit sahəsində əməkdaşlıq edir və beynəlxalq xarakter daşıyan iqtisadi layihələr həyata keçirir. Bu layihələr hər iki dövlətin iqtisadi və siyasi maraqlarını əks etdirir.
Diplomat diqqətə çatdırıb ki, rəsmi Tehran Azərbaycan Prezidenti İlham Əliyevin regionda 3+3 formatında əməkdaşlıq əlaqələrinin qurulması təklifini qəbul edir, eyni zamanda, İran, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan arasında əməkdaşlıq əlaqələrinin yaranmasını dəstəkləyir. Bu formatda əməkdaşlıq region ölkələrinin iqtisadi inkişafına təkan verməklə yanaşı, həm də təhlükəsizliyin, sülh və əmin-amanlığın təmin olunmasında da töhfə olacaq. Bununla yanaşı, adıçəkilən dövlətlər arasında nəqliyyat-tranzit əlaqələri də tam bərpa ediləcək.
S.A.Müsəvi vurğulayıb ki, İran ilə Azərbaycan müştərək tarixə, dinə və mədəniyyətə malikdirlər. Hər iki dövlət ticarət dövriyyəsinin artmasına və iqtisadi əlaqələrin genişlənməsinə çalışır. Bu günlədə dövlətlərimiz arasında Astaraçay üzərində yeni körpünün inşa edilməsi haqqında sənəd imzalandı ki, bu da avtomobillərin sərhədi rahatlıqla keçməsinə imkan yaradacaq. İran və Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında da əməkdaşlıq edir. Bununla Hindistan və Cənub Şərqi Asiya ölkələri ilə Avropa arasında nəqliyyat dəhlizi yaranacaq ki, tranzit yüklər də İran və Azərbaycan ərazisindən keçməklə Rusiya və Avropaya daşınacaq.
Diplomat bildirib ki, Azərbaycanın işğal altındakı rayonlarının azad edilməsi Tehran ilə Bakı arasında yeni əməkdaşlıq imkanları yaradıb. Bu imkanlardan istifadə edib daha geniş əlaqələrin qurulması zəruridir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran