İQTİSADİYYAT
Abbas Müsəvi: “Şimal-Cənub” Nəqliyyat Dəhlizi İran ilə Azərbaycanın ticarət əlaqələrinin inkişafına təkan verəcək
Tehran, 3 avqust, AZƏRTAC
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi İran ilə Azərbaycan və Orta Asiya ölkələri arasında ticarət əlaqələrinin inkişafına təkan verəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri “İRNA” saytına İranın Azərbaycana yeni təyin olunan səfiri Seyid Abbas Müsəvi deyib.
Diplomat nəzərə çatdırıb ki, Astarada (İran) yük terminalının tikintisi sürətləndirilməlidir. Azərbaycan tərəfi ilə danışıqlar aparılıb və razılıq əldə olunub. Bu işin icrası ilə məşğul olan İranın müvafiq strukturları terminalın tezliklə tikilib hazır olması üçün çalışmalıdırlar. Astara şəhəri dəmir yolu, magistral və dəniz yoluna sahib olduğuna görə önəmlidir.
Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmentində olan dəmir yolunun tikintisi davam edir. Cənub Şərqi Asiya ölkələrindən Avropaya ixrac olunan yüklər İranın Hind Okeanı sahilindəki Çabahar limanına daxil olacaq. Buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropaya daşınacaq. Hazırda yolun Qəzvin-Rəşt hissəsi istismara buraxılıb, Rəşt-Astara (İran) hissəsində isə işlər davam edir.
Azərbaycanın və İranın Astara şəhərləri arasında da dəmir yolu inşa edilib. Hazırda bu yolla İran ilə Rusiya arasında idxal-ixrac əməliyyatları həyata keçirilir. Rəşt-Astara dəmir yolu istismara verildikdən sonra dəhlizin dəmir yolu tam təkmilləşəcək.
Nəzərə çatdırmaq lazımdır ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Fars körfəzi sahilindəki ölkələr də Avropa ilə ticarət əlaqələrini inkişaf etdirəcəklər. Yüklərin Astaradan keçərək daşınması burada yük terminalının tikintisi zərurətini meydana gətirib. Bu istiqamətdə də işlər davam edir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran