REGİONLAR


Əbdüləziz bin Osman əl-Tuveyciri: Naxçıvan elm və sivilizasiya məkanıdır

Naxçıvan, 22 iyun, Rauf Kəngərli, AZƏRTAC

Biz buradan bütün dünyaya bir mesaj göndərərək deyirik ki, Azərbaycan Respublikası, onun ayrılmaz bir parçası olan Naxçıvan sülhün bərqərar olduğu məkan, elm və sivilizasiya məkanıdır. Düşmənlərin bütün əsassız iddialarının əksinə olaraq, bura sivil şəkildə inkişaf edən, zəngin tarixə malik qədim diyardır.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri deyib.

Baş direktor qeyd edib ki, Azərbaycan böyük ölkə, azərbaycanlılar böyük xalqdır. Naxçıvan isə müasir Azərbaycanın qurucusu Heydər Əliyevin ana vətəni, həm də çoxsaylı maddi-mədəniyyət nümunələrinin qorunub saxlandığı məkandır. Bu baxımdan 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransında Naxçıvanın 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı seçilməsinin çox sevindirici hadisə olduğunu bildirən Əbdüləziz bin Osman əl-Tuveycri deyib: “Biz bundan şərəf duyur və əminik ki, bu il və gələcəkdə də Naxçıvan zəngin tarixi mirasının dünyaya tanıdılmasında çox işlər görəcək. Çünki Naxçıvanın sahib olduğu zənginlikləri hələ çoxlarına tanıtmağa ehtiyac var. Bu gün biz bu torpaqda yaşamış böyük elm və mədəniyyət xadimləri, memar və filosoflar haqqında çox şeylər öyrənirik. Eyni zamanda, ISESCO-nun qarşısında bu zənginlikləri bütün üzv dövlətlər arasında tanıtmaq məsuliyyəti də yaranır. Bu isə şübhəsiz, simpozium, konfrans, görüşlər və nəşrlər hesabına mümkündür. Mən, şəxsən çox məmnunluqla deyərdim ki, ISESCO ilə Azərbaycan Respublikası arasında çox güclü əlaqələr mövcuddur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın dəstəyi hesabına bu əlaqələr daha da dərinləşir, genişlənir, daha çox işlər görülür, layihələr həyata keçirilir”.

ISESCO-nun baş direktoru vurğulayıb ki, Təşkilat Azərbaycan Respublikasında və Naxçıvan Muxtar Respublikasında olan dostları ilə gələcəkdə reallıqların dünyaya çatdırılması üçün birgə işləyəcək və keçirəcəyi tədbirlərlə buna nail olmağa çalışacaq. Bu tədbirlər arasında Naxçıvan abidələrinin UNESCO-nun miras siyahısına və ISESCO tərəfindən dəstəklənən İslam dünyası abidələri siyahısına salınması məsələsi əsas prioritetlərdəndir. “Çox şadam ki, bu səfərim mənə Naxçıvanın zənginliklərini öyrənmək baxımından bir fürsət yaratdı və çox yaddaqalan oldu”, – deyə Əbdüləziz bin Osman əl-Tuveycri qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.