CƏMİYYƏT


Abdulla Qurbani: Biz Vətən uğrunda, torpaq uğrunda mübarizəyə birlikdə çıxdıq

Bakı, 2 iyul, AZƏRTAC

Bu gün Azərbaycan Polisinin yaranması günüdür. Bütün xalqımız və Azərbaycan Ordusunun şəxsi heyəti kimi daxili işlər orqanlarının əməkdaşları da öz peşə bayramlarını artıq ikinci ildir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin yaratdığı böyük Qələbə əhval-ruhiyyəsi ilə qeyd edir. Xalqımızın ümummilli lideri Heydər Əliyev bir tərəfdən yüksək vətəndaşlıq, məsuliyyət, cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil və təcrübə tələb edən polis peşəsinə həmişə xüsusi önəm vermiş və həyatını polis peşəsinə həsr edən insanların xidmətlərini yüksək qiymətləndirmişdir. Ulu Öndərin təbirincə desək, “Azərbaycan Polisi öz peşəkarlıq səviyyəsini getdikcə yüksəldərək çətin və şərəfli yol keçmiş, tarixin sınaqlarından ləyaqətlə çıxaraq mütəşəkkil və mübariz bir quruma çevrilmişdir”.

Bu fikirləri Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Polis Günü münasibətilə AZƏRTAC-a açıqlamasında deyib.

Polkovnik A.Qurbani bildirib ki, Unudulmaz Liderimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Polisi daha da möhkəmlənərək cinayətkarlığa qarşı mübarizədə qətiyyətli addımlar atmış, qanunun aliliyinin, insanların təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması kimi çətin vəzifənin öhdəsindən layiqincə gəlmiş, respublikamızın suverenliyinin, ərazi bütövlüyünün qorunmasında şanlı döyüş tariximizə parlaq səhifələr yazmışdır. Birinci Qarabağ müharibəsində ilk şəhidlik zirvəsinə də məhz Azərbaycanın qəhrəman polis əməkdaşları yüksəlmişlər.

“Müzəffər Ali Baş Komandanımız on beş il öncə bütün güc strukturlarının qoşulduğu genişmiqyaslı taktiki təlimlər zamanı böyük uzaqgörənliklə demişdir: “Biz Vətən uğrunda, torpaq uğrunda mübarizəyə birlikdə çıxacağıq. Bütün Azərbaycan xalqı səfərbər olunacaq. Bütün Silahlı Qüvvələr arasında əlaqələndirmə işi aparılmalıdır. Bu təlimlərin əsas məqsədi ondan ibarətdir ki, biz birgə səylərlə öz doğma torpaqlarımızı işğalçılardan azad edək”.

Həmin gün gəldi. 2020-ci ilin 27 sentyabr günündə Azərbaycanın öz ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarının azadlığı uğrunda mübarizəyə Ordu ilə yanaşı, digər güc strukturları, o cümlədən Azərbaycan daxili işlər orqanlarının əməkdaşları da birlikdə qalxdılar. Bu birlik möhtəşəm Zəfər ilə nəticələndi. Daxili Qoşunların da neçə-neçə əsgər və zabiti qələbəyə gedən yollarda şəhadətləri ilə tarix yazdı və onların adları tarixə yazıldı. Neçə-neçə igid döyüşlərdə sağlamlığını itirdi, neçəsi "Vətən Müharibəsi Qəhrəmanı" adına yüksəldi, neçəsi döyüş orden və medalları ilə təltif olundu. Bu gün də Azərbaycan Polisi mübariz keşikdədir”, - deyə A.Qurbani qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.