SİYASƏT


Abdullah Ər-Rabiə: Səudiyyə Ərəbistanı Azərbaycan ilə münasibətlərə xüsusi əhəmiyyət verir

Bakı, 6 fevral, AZƏRTAC

Səudiyyə Ərəbistanı Krallığında səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Komitənin nümayəndə heyəti fevralın 6-da “Kral Salman” Humanitar Yardım Mərkəzinin (KSHYM) rəhbəri Abdullah Ər-Rabiə ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, Səudiyyə Ərəbistanına ilk dəfə səfər etdiyini bildirən və bu ölkədə olmaqdan məmnunluq duyduğunu ifadə edən Fuad Muradov dövlətlərimiz arasında əsası ümummilli lider Heydər Əliyev və Səudiyyə Ərəbistanının Kralı Fəhd bin Əbdüləziz Al Səud tərəfindən qoyulmuş münasibətlərin Prezident İlham Əliyev və Kral Salman bin Əbdüləziz Al Səudun səyləri nəticəsində daha da inkişaf etdiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb, iqtisadiyyat, ticarət və turizm sahələrində əlaqələrin inkişafından məmnunluq ifadə olunub, humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında Səudiyyə Ərəbistanı tərəfini məlumatlandıran Komitə sədri azərbaycanlıların dünyanın 50-dən artıq ölkəsində yaşadıqlarını və yerli cəmiyyətlərə asanlıqla inteqrasiya etdiklərini bildirib. Qeyd edib ki, hazırda xaricdə yaşayan həmvətənlərimiz üçün müxtəlif irimiqyaslı layihələr həyata keçirilir.

Komitə sədri Heydər Əliyev Fondunun fəaliyyəti, Fondun Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda həyata keçirdiyi layihələr, habelə beynəlxalq əlaqələri barədə də qarşı tərəfə məlumat verib.

Səudiyyə Ərəbistanında yaşayan soydaşlarımızın əsasən səhiyyə sektorunda çalışdığı bildirilib və onların yaşadıqları ölkənin inkişafına öz töhfələrini verdikləri vurğulanıb.

Abdullah Ər-Rabiə Səudiyyə Ərəbistanının ali rəhbərliyinin Azərbaycan ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdıraraq, Azərbaycan tərəfinin əməkdaşlıqla bağlı təkliflərini və ölkəmizlə əməkdaşlıq əlaqələrini müzakirə etməyə hazır olduğunu bildirib.

“Kral Salman” Humanitar Yardım Mərkəzi haqqında Azərbaycan nümayəndə heyətinə məlumat verən A.Ər-Rabiə rəhbərlik etdiyi qurumun fəaliyyətinin çoxşaxəli olduğunu, həyata keçirdiyi layihələrin təkcə Səudiyyə Ərəbistanının deyil, bütün müsəlman dünyasının rifahına xidmət etdiyini diqqətə çatdırıb.

Görüş zamanı ölkələrimiz arasında əməkdaşlığın inkişaf istiqamətlərinə dair geniş fikir mübadiləsi aparılıb, konkret təkliflər irəli sürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.