İQTİSADİYYAT
Abdulvahab Salamzadə küçəsinin bir hissəsi nəqliyyatın hərəkəti üçün bağlanıb
Bakı, 5 iyun, AZƏRTAC
Bakı şəhərinin Yasamal rayonu Abdulvahab Salamzadə küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən AZƏRTAC-a bildirilib ki, I Avropa Oyunları ərəfəsində nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə təmir-tikinti işləri aparılır.
Hazırda təmir işləri küçənin yalnız “Qələbə dairəsi”ndən Tbilisi prospektinə qədər olan yan yolunda aparılır. Sözügedən ərazidə köhnə asfalt-beton örtüyü frez maşınları vasitəsilə qaşınaraq, ərazidən daşınır. Bundan sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. İşlər tərtib olunmuş cədvələ uyğun olaraq həyata keçirilir.
Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda texnika və canlı qüvvə cəlb olunub.