ELM VƏ TƏHSİL


“Əbdürrəhim bəy Haqverdiyev arxivindən nümunələr” kitabı çapdan çıxıb

Bakı, 15 fevral, AZƏRTAC

Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə yüksəldərək milli düşüncənin inkişafında mühüm rol oynayan görkəmli dövlət və ictimai-siyasi xadim, yazıçı, dramaturq Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi ilə əlaqədar yeni nəşr - “Əbdürrəhim bəy Haqverdiyev arxivindən nümunələr” adlı kitab çapdan çıxıb. Kitabda ədibin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı şəxsi arxivində əlyazma şəklində saxlanılan və indiyədək nəşr olunmuş kitablarına daxil edilməyən pyes və məqalələri, eləcə də ədəbi fəaliyyətinin 35 illiyinə həsr edilmiş yazılar əksini tapıb. Bundan əla “Sağsağan” pyesi haqqında resenziya transfoneliterasiya və tərtib edilərək təqdim olunub.

Bu barədə AZƏRTAC-a Əlyazmalar İnstitutundan məlumat verilib. Bildirilib ki, nəşrdə Əbdürrəhim bəy Haqverdiyevin öz məşhur sələflərinin ədəbi ənənələrinin layiqli davamçısı və geniş erudisiyaya malik müasir dünyagörüşlü maarifpərvər ziyalı kimi çoxşaxəli fəaliyyətindən söz açılıb, onun dramaturji irsinin ölkəmizdə teatr mədəniyyətinin yüksəlişinə yol açdığı vurğulanıb. Qeyd olunub ki, ədibin canlı həyat lövhələri ilə son dərəcə zəngin hekayələri nəsr tariximizin ən qiymətli nümunələri sırasında xüsusi yer tutur. O, maarifçiliyin alovlu təbliğatçısı kimi daim əsərlərində xalqı mədəni oyanışa və tərəqqiyə səsləyib.

Vurğulanıb ki, Əbdürrəhim bəy Haqverdiyevin adının UNESCO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi yazıçının mənəvi sərvətlərimizi və ali ümumbəşəri dəyərləri özündə təcəssüm etdirən humanist ruhlu yaradıcılığının lazımınca və yüksək qiymətləndirilməsinin aydın təzahürüdür.

Yeni nəşrin elmi redaktoru akademik Teymur Kərimli, tərtib edib nəşrə hazırlayanları filologiya elmləri doktoru Nailə Səmədova, filologiya üzrə fəlsəfə doktoru Könül Bağırovadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.