ELM VƏ TƏHSİL
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunmuş respublika elmi- praktik konfransı keçirilib
Bakı, 4 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə onlayn formatda “Maarifçi-demokratik və realist ədəbiyyatın görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyev” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, rektor Cəfər Cəfərov konfransın keçirilməsinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist, teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr olunmuş bu elmi tədbirin keçirilməsi bizim mənəvi borcumuz və böyük sənətkara dərin ehtiramımızdır. Rektor Ə.Haqverdiyevin adının UNESCO-nun 2020-2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsini mühüm hadisə kimi dəyərləndirib.
Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova “Ə.Haqverdiyevin əsərlərində dialektizmlər və onların ümumtürk dilinə qarşılıqlı inteqrasiyası” mövzusunda məruzə ilə çıxış edib. O, Ə.Haqverdiyevin ədəbi dilimizin lüğət tərkibinin zənginləşməsində rolu və orijinallığı, əsərlərində leksik-semantik kateqoriyalardan məharətlə istifadə etməsi, özünəməxsus məcazlar sistemi, frazeoloji vahidlərin yaradılmasında novatorluğu, bədii ifadə vasitələri və s. məsələlərə geniş yer verməsindən söhbət açıb.
Sonra konfransda Ə.Haqverdiyevin irsinin öyrənilməsinə yeni baxış, yazıçının Tiflis ictimai-ədəbi mühitində yeni, bədii nəsrində folklor motivləri mövzularında məruzələr dinlənilib.
Elm və innovasiyalar üzrə prorektor Asəf Zamanov Azərbaycan xalqının ədəbi- bədii və ictimai-mədəni fikir xəzinəsinə dəyərli əsərlər bəxş etmiş qüdrətli söz ustası Əbdürrəhim bəy Haqverdiyevin ədəbi irsinin bu gün də aktual olduğunu, böyük sənətkarın həyat və yaradıcılığının azərbaycançılıq ideologiyası baxımından tədqiq olunmasının vacibliyini vurğulayıb, ədibin irsinin bir qisminin yenidən araşdırılmasına ehtiyac duyulduğunu bildirib.