REGİONLAR
Əbdürrəhim bəy Haqverdiyevin doğum günündə sabirabadlı gənclər dahi yazıçının məzarını ziyarət ediblər
Sabirabad, 18 may, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə bir qrup sabirabadlı gənc Əbdürrəhim bəy Haqverdiyevin Fəxri xiyabanda məzarını ziyarət edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan yazıçısı və dramaturqu, ictimai-siyasi və teatr xadimi, pedaqoq, ədəbiyyatşünas Əbdürrəhim bəy Haqverdiyevin doğum günü münasibətilə Sabirabad Regional Mədəniyyət İdarəsinin mədəniyyət könüllüləri Fəxri xiyabana gedərək onun məzarını ziyarət ediblər.
Gənclərə məlumat verilib ki, 17 may 1870-ci ildə Azərbaycanın Şuşa şəhərində anadan olan Ə.Haqverdiyev XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan ictimai-ədəbi və mədəni fikir tarixində xüsusi yeri olan şəxsiyyətlərdəndir. O, dramaturq, rejissor, dirijor, nasir, publisist, pedaqoq, tədqiqatçı alim kimi çoxcəhətli səmərəli fəaliyyəti ilə milli-mədəni şüurumuzun və sosial-siyasi düşüncəmizin inkişaf edib formalaşmasında xüsusi rol oynayıb.
Görkəmli sənətkar həm dramaturgiya və bədii nəsrimizi, həm də satirik publisistikamızı yeni və orijinal mövzularla yanaşı, özünəməxsus ideya-estetik, süjet və kompozisiya xüsusiyyətlərinə, üslub və ifadə tərzinə malik olan əsərlərlə zənginləşdirib.
Əbdürrəhim bəy Haqverdiyev 1933-cü il dekabrın 12-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.