CƏMİYYƏT


“Əbədiyaşar Lider” mövzusunda anım tədbiri

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı “Əbədiyaşar Lider” mövzusunda tədbir keçirilib.

YAP Xətai rayon təşkilatından AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları öncə Xətai rayonunda yerləşən Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə qızılgül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla anıblar.

Partiyanın rayon təşkilatının qərargahında davam etdirilən tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət, böyük siyasətçi, Ulu Öndər Heydər Əliyevin tariximizdə müstəsna yeri var: “Ümummilli Liderin Azərbaycanın müstəqilliyinin qorunmasında və möhkəmlənməsində xidməti əvəzsizdir. Müasir müstəqil Azərbaycan dövlətinin varlığı dahi Liderin adı ilə bağlıdır. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, vətəndaş müharibəsindən xilas etdi. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ulu Öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək zəruri olan bazanın formalaşdırılmasına məhz həmin illərdə başlamışdır. İqtisadi təməlin qoyulması, kadr hazırlığının yüksək səviyyədə təşkili, ən əsası dövlətin müstəqilliyinin qarantı olan gələcək milli ordunun inkişafına xidmət edəcək mühüm addım kimi qiymətləndirilən Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması və sair bu kimi biri-birindən əhəmiyyətli addımlar müstəqillik dövründə inkişafımızın əsası oldu”.

Daha sonra çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, ümummilli lider Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə sübut etmişdi. Həmin vaxta qədər Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. Ulu Öndərin hakimiyyətə birinci dəfə gəlişi ilə ölkədə sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü başlandı.

Məşhur “91”lərdən biri, YAP Veteranlar Təşkilatının üzvü professor Şahlar Əsgərov çıxış edərək deyib ki, 1990-cı illərin əvvəllərində xalq ağır vəziyyətində Ulu Öndərə pənah gətirmişdi. Sonrakı proseslər xalqın öz seçimində yanılmadığını bir daha göstərdi. Heydər Əliyev irsini elmi ideyalara əsaslanan dövlətçilik məktəbi adlandıran professor Ş.Əsgərov bildirib ki, dahi şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən illərlə danışmaq olar.

Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov tədbirdə çıxış edərək Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin yaradıcısı və qurucusu adlandırıb: “Dünyanın liderlik zirvəsində olanlar arasında Azərbaycana 30 ildən artıq rəhbərlik etmiş, onu yüksək inkişaf səviyyəsinə qaldırmış ümummilli liderimiz Heydər Əliyevin xüsusi yeri var. Onun lider kimi cəmiyyətə və dünyaya təsiri olduqca güclü idi. Heydər Əliyev xalqının, ölkəsinin, dünyanın tarixini çox gözəl bilirdi. O bilirdi ki, hər bir xalq kimi, Azərbaycan xalqı da öz tarixi keçmişini, mədəniyyətini çox sevir. Lakin artıq XX əsrin 60-cı illərində bu sahədə ciddi unutqanlıq, yaddaşdan silinmə var idi. Məhz bunu nəzərə alan Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbərliyə gələn kimi zəngin milli dəyərlərimizi, mədəniyyətimizi, incəsənətimizi, qədim tariximizi özümüzə qaytarmaq istiqamətində ciddi addımlar atdı. Ulu Öndər Heydər Əliyev böyük sənaye kompleksləri yaratmaqla, kənd təsərrüfatını aqrar-sənaye kompleksinə çevirməklə bütün ölkənin sinxron inkişafını istiqamətləndirdi”.

Daha sonra Ulu Öndər Heydər Əliyevin fotoqrafı kimi çalışmış Rafiq Bağırov çıxış edərək dahi şəxsiyyətlə bağlı xatirələrini mərasim iştirakçıları ilə bölüşdü. R.Bağırov vurğuladı ki, dahi şəxsiyyəti dövrünün digər rəhbərlərindən çox yüksək keyfiyyətləri fərqləndirirdi. R.Bağırov sonda öz şəxsi arxivindən şəkillər də nümayiş etdirdi.

Tədbirdə digər çıxış edənlər - YAP Xətai rayon təşkilatının fəallarından Turan Əliyev, 6 saylı “ASAN xidmət”in baş mütəxəssisi, Vətən müharibəsi şəhidi Kəmaləddin Məmmədzadənin bacısı Ülkər Məmmədzadə çıxış edərək bildirdilər ki, Ulu Öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət edib.

Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.