MƏDƏNİYYƏT


Əbədiyaşar sənətkar

Bu gün Xalq artisti, görkəmli bəstəkar Cahangir Cahangirovun anadan olmasından 100 il ötür

Bakı, 20 iyun, AZƏRTAC

Bu il Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simalarından biri olan Xalq artisti Cahangir Cahangirovun anadan olmasının 100 ili tamam olur. Təbii ki, musiqi ictimaiyyəti, eləcə də sənətsevərlər bu yubileyi qeyd etməyi özlərinə mənəvi borc sayırlar. Ona görə ki, Cahangir Cahangirov Tanrının ona bəxş etdiyi fövqəladə istedadı, böyük zəhməti və yüksək yaradıcı fəaliyyəti ilə əbədiyaşar bir ömrə sahibdir. Onun musiqisində vətən çiçəklərinin min bir ətri duyulur. Bu, təbiidir, ona görə ki, bəstəkar Cahangir Cahangirov bütün varlığı ilə torpağa, vətənə bağlıdır. Onun əsərləri torpaqdan şirə çəkir, milli sənət örnəklərindən qida alır.

Bu fikirlər Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının xor və instrumental musiqiləri, operaları, bir-birindən gözəl mahnıları həmişə sevə-sevə dinlənilən görkəmli bəstəkar, Xalq artisti Cahangir Cahangirovun anadan olmasının 100 illiyi münasibətilə hazırladığı yazıda yer alıb. AZƏRTAC həmin yazını oxuculara təqdim edir.

1921-ci il iyunun 20-də Bakının Balaxanı kəndində dünyaya göz açan Cahangir hələ erkən yaşlarından xor musiqisinə böyük həvəs göstərir. Orta məktəbdə oxuyarkən özfəaliyyət dərnəyində tar çalmağı öyrənir və xorda iştirak edir. 1937-ci ildə Teatr Texnikumuna, sonra musiqi məktəbinin nəzəriyyə şöbəsinə daxil olur. Beləliklə, o, ömrünü musiqi sənətinə bağlayır. Daim bu istiqamətdə düşünərək yüksək təhsil mərhələlərinə də qədəm qoyur. Onun istedadı və musiqi qabiliyyəti dahi Üzeyir Hacıbəylinin də diqqətini cəlb edir. Çünki Üzeyir bəy Cahangirin hələ musiqi məktəbinin (indiki Musiqi Kolleci) tələbəsi ikən 1941-ci ildə Nizami Gəncəvinin 800 illiyi münasibətilə bəstələdiyi “Gül camalın” və “Nazənin” romaslarını orijinallığı, musiqi dilinin milli koloriti, melodiyanın rövnəqliyinə görə yüksək qiymətləndirərək gənc bəstəkarı öz diqqətində saxlayır və ona Azərbaycan Dövlət Konservatoriyasının (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsində təhsil almasını məsləhət görür. Beləliklə, Üzeyir bəyin qayğısı ilə əhatə olunan Cahangir Cahangirov Konservatoriyaya daxil olmaqla bərabər, böyük sənətkarın köməyi ilə Filarmoniyada işə də qəbul edilir. Əvvəlcə xor kollektivinə, sonra isə Mahnı və Rəqs Ansamblına rəhbərlik edir.

Geniş yaradıcılıq yoluna qədəm qoyan Cahangir Cahangirovun sorağı Qafqaz cəbhələrindən də gəlməyə başlayır. İkinci Dünya müharibəsi vətənpərvər sənətkarı da zamanın tələbi ilə mübarizə ruhlu fəaliyyətə və bu mövzuda əsərlər yazmağa sövq edir. “416-cı diviziya”, “Mərdlik nəğməsi”, “Partizan” mahnısı kimi əsərlər məhz bu qəbildəndir.

Cahangir Cahangirovun mövzu dairəsi həmişə geniş və əhatəli olub. O, müxtəlif məzmunlu və müxtəlif janrlarda dəyərli əsərlər yaradıb. Bunlardan “Azad”, “Xanəndənin taleyi” operaları, “Arazın o tayında” vokal-simfonik poema, “Sabir”, “Hüseyn Cavid – 59” oratoriyaları, “Füzuli” kantatası, “Misir lövhələri” süitası, çoxlu sayda mahnı, romans və xor əsərlərini qeyd edə bilərik. Bu mövzu və janr müxtəlifliyini birləşdirən bir amil var. Bu da bəstəkarın öz fikri, zövqü və düşüncəsi ilə xalqın mənəvi aləminə, onun musiqi dühasına bağlılığı və əsərlərində milli ruhun güclü tərənnümüdür.

Bəstəkarın musiqisi öz orijinallığı, dəyəri və koloriti ilə Azərbaycan musiqi aləmində seçilərək onun öz üslubunu yaratmışdır. Bu üslub xüsusiyyətləri barədə fikirlər bəstəkarın əsərləri haqqında qələmə alınan məqalələrdə də öz əksini tapıb. Bu yerdə Cahangir Cahangirovun ən məşhur əsərlərindən olan “Arazın o tayında” vokal-simfonik poeması haqqında bəzi mətbuat yazılarından nümunələrə nəzər salaq:

“Cahangirov bu əsərində xalq musiqisi zəminindən uzaqlaşmamış, əksinə ənənəvi musiqi ladlarından, intonasiya və ritmlərdən bacarıqla istifadə etmişdir” (“Sovetskaya muzıka” jurnalı. 1953. №2). “Arazın o tayında” vokal -simfonik poemanın üstün cəhətlərindən biri də odur ki, o, konkret ideya və süjet, həm də məlum obrazlar üzərində qurulmuşdur. Bəstəkar poemadakı fəlsəfi dərinliyi açıb göstərmək üçün emosional ifadə formaları axtarıb tapmışdır” (“Bakinskiy raboçi” qəzeti. 1952. 15 oktyabr).

“Arazın o tayında” vokal-simfonik poema bəstəkarın yaradıcılıq yolunun inkişafa aparan ən uğurlu mərhələsidir. Belə ki, 1949-cu il, yəni bu əsərin yarandığı tarix hələ bəstəkarın Konservatoriyada B.Zeydmanın sinfində üçüncü kursda təhsil aldığı bir dövr idi. Gənc tələbənin qələmə aldığı əsər SSRİ Dövlət mükafatına layiq görülür. Yaradıcı insanın belə tez parlaması, yüksək mükafata layiq görülməsi çox nadir haldır. Çünki Cahangir Cahangirov da nadir istedada malik bəstəkarlardandır. O, musiqi tariximiz üçün gərəkli olan bəzi janrların da ilk yaradıcısı olub. Məsələn, skripka və orkestr üçün Azərbaycan bəstəkarları içərisində ilk konserti də məhz Cahangir Cahangirov yazıb.

Əlbəttə, bəstəkarın ecazkar melodiyaları əsasında yaratdığı sənət inciləri haqqında yazılan məqalələr, aparılan tədqiqatlar həddən artıq çoxdur. Azərbaycan Radiosunda da onun əsərləri ilə yanaşı, haqqında hazırlanan çoxlu sayda verilişlər qorunub saxlanılır. Həmin verilişlərdən birini dinləyərkən bəstəkarın folklorumuzla bağlı söylədiyi fikri olduğu kimi diqqətinizə çatdırıram: “Folklor bəstəkar üçün qiymətli materialdır. Mənim zənnimcə, o, ulu babalardan bizə miras qalan ən qiymətli qızıl külçəsidir. Onu yalnız zərgər kimi cilalayıb xalqın özünə qaytarmaq lazımdır”.

Milli intonasiyalar əsasında bəstəkar, sözün həqiqi mənasında, cilalanmış əsərlər yaradıb. Onun milli çalğı alətimiz olan tar ilə orkestr üçün konsertləri də buna misaldır.

Əlbəttə, Cahangir Cahangirov yaradıcılığı çoxşaxəli və zəngindir. Bu mənada onun Azərbaycan xor musiqisinin inkişafında da müstəsna xidmətləri var. Belə ki, bəstəkar həm xor üçün qələmə aldığı əsərləri ilə xorun repertuarını zənginləşdirərək, həm də bu kollektivləri öz ictimai fəaliyyəti ilə təkmilləşdirirdi. Onun yaradıcılığının ilk dövrlərində Üzeyir bəyin tövsiyələri ilə Filarmoniyanın xor qrupuna rəhbər təyin olunması bu istiqamətdəki fəaliyyətinin əsas mənbəyi olub.

Uzun illər Azərbaycan Teleradio Verilişləri Şirkətində fəaliyyət göstərən xor kollektivində də Cahangir Cahangirov dəstxəti mühüm yer tutur. Məhz Azərbaycanda xor kollektivlərinin inkişafına verdiyi dəyərli töhfələrə rəğmən Azərbaycan Teleradio verilişlərindəki xor kollektivinə bəstəkarın adı verilib. Bu unudulmaz sənətkarın irsinə verilən qiymətin bir təzahürüdür. Cahangir Cahangirov respublikanın Xalq artisti, Dövlət mükafatı laureatı, professor və bu kimi neçə-neçə fəxri adlara, diplom və mükafatlara layiq görülüb. Bütün bunların fövqündə duran bir yüksək məqam da var. Bu sənətkara olan xalq məhəbbətidir ki, bu məhəbbət də sənətkarın əbədiyaşarlığının ifadəsidir. Elə bəstəkar, dirijor, pedaqoq Cahangir Cahangirov məhz ölməz musiqisi ilə bu sonsuz məhəbbətə nail olub və bu məhəbbətlə də xatırlanır.

Təbii ki, bəstəkarın yaradıcılığı musiqişünaslar üçün əsl tədqiqat obyektidir. Əminik ki, bu əbədiyaşar sənətkarın irsinə hələ neçə-neçə tədqiqatçılar müraciət edəcək. O, daim xatırlanacaq, əsərləri nəsillərin zövqünü və ruhunu oxşayacaq. Bununla da Cahangir Cahangirovun əbədi ömrünə hələ neçə 100 illiklər əlavə olunacaq. O, öz musiqisi ilə nəsillərlə qoşa addımlayaraq əsrlərdən-əsrlərə gedib çatacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.