MƏDƏNİYYƏT


“Əbədiyyət yolu” sənədli filmi yenilənmiş versiyada nümayiş olunub

Bakı, 3 fevral, AZƏRTAC

C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının 1987-ci ildə istehsal etdiyi “Əbədiyyət yolu” sənədli filmi Azərbaycan Dövlət Film Fondu tərəfindən bərpa olunub.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə fevralın 3-də Dövlət Film Fondunda sözügedən ekran əsərinin yenilənmiş versiyası nümayiş edilib.

Tədbirdə Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək bildirib ki, ekran əsəri Gürcüstan torpağında təbii fəlakət zamanı öz həyatı bahasına yerli əhalini ölümün pəncəsindən xilas edən azərbaycanlı əsgər Rahib Məmmədovun göstərdiyi hünərdən bəhs edir.

Qeyd olunub ki, Rahib Gülmalı oğlu Məmmədov 1967-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərərək təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. Ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif olunub. Təhsil aldığı Mahrızlı kənd tam orta məktəbi onun adını daşıyır. Məktəbin həyətində Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyi yaradılıb. Bakının Xətai rayonunun Əhmədli yaşayış massivində Rahib Məmmədov adına küçə var. Gürcüstanın Çaladidi kəndində cəsur əsgərin abidəsi qoyulub.

Rahib Məmmədovun adını daşıyan Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov çıxış edərək bu işdə əməyi keçənlərə minnətdarlığını bildirib və cəsur əsgərin mənalı və qəhrəmanlıqla dolu həyatından bəhs edib.

Xatırladaq ki, filmin rejissoru və ssenari müəllifi Cahangir Zeynallı, operatorları Tofiq Sultanov, Azər Salayev, bəstəkarı Firəngiz Əlizadədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.