ELM VƏ TƏHSİL


Abid Tahirlinin yeni monoqrafiyası nəşr olunub

Bakı, 24 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin ədəbiyyatımızın tanınmış simalarından biri, yazıçı-publisist, tərcüməçi, naşir, ictimai xadim, istiqlal mücahidi Ceyhun Hacıbəylinin (1891-1962) anadan olmasının 125 illiyinin keçirilməsi haqqında 2015-ci il 19 noyabr tarixli Sərəncamı ədəbi-mədəni irsə, milli sərvətlərə, istiqlal mücadiləsi tarixinə, onun bayraqdarlarının irsinə qayğının, milli dövlət qurucularının ideallarına sədaqətin parlaq nümunəsidir və böyük tarixi əhəmiyyət kəsb edir. Ötən müddət ərzində Ceyhun Hacıbəylinin həyat və yaradıcılığının tədqiqi, təbliği sahəsində təqdirəlayiq işlər görülüb, kitablar nəşr olunub, müxtəlif mövzularda elmi konfranslar təşkil edilib.

AZƏRTAC xəbər verir ki, bu günlərdə filologiya elmləri doktoru Abid Tahirlinin nəfis tərtibatla buraxılan “Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolu” adlı irihəcmli monoqrafiyası (Bakı, “Elm və təhsil” nəşriyyatı) istiqlalçı ədibin və ümumiyyətlə, mühacirət ədəbi irsinin tədqiqinə, çağdaş ədəbiyyatşünaslığa dəyərli töhfədir. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 2017-ci il 19 iyun tarixli qərarına əsasən nəşri tövsiyə edilmiş monoqrafiyanın elmi redaktoru filologiya üzrə elmlər doktoru, dosent Nikpur Cabbarlı, rəyçilər filologiya üzrə elmlər doktoru Nailə Muradəliyeva və filologiya üzrə fəlsəfə doktoru, dosent Şahbaz Şamıoğludur (Musayev).

Monoqrafiyada Abid Tahirli çoxşaxəli, çoxplanlı ədəbi irsə sahib olan Ceyhun Hacıbəylinin mühacirətdən əvvəl və mühacirət dövrü yaradıcılığını janrına, ideyasına, mövzusuna, məzmununa, dilinə, üslubuna görə dərindən, müasir tələblərə uyğun təhlil süzgəcindən keçirir, sanballı elmi-nəzəri qənaətlər irəli sürür. Elmi-tədqiqat əsərində verilmiş “Ceyhun Hacıbəylinin əsərlərinin biblioqrafik göstəricisi” də böyük maraq doğurur və Ceyhun Hacıbəyli tədqiqatçıları üçün faydalı mənbədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.