ELM VƏ TƏHSİL
Abituriyentlər fənlər üzrə testlərin yalnız 27-58 faizinə düzgün cavab verib
Bakı, 23 iyun, AZƏRTAC
Ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin Azərbaycan və rus bölmələri üzrə ayrılıqda orta statistik portreti müəyyənləşdirilib.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan bölməsində abituriyentlər I mərhələdə ana dili fənnindən test tapşırıqlarının 52,11, riyaziyyatdan 29,77, ingilis dilindən 37,51 faizinə, II mərhələdə ana dilindən 58,12, ədəbiyyatdan 49,82, riyaziyyatdan 32,29, fizikadan 27,41, kimyadan 32,5, biologiyadan 54,07, tarixdən 40,25, coğrafiyadan 34,78 faizinə düzgün cavab verib.
Rus bölməsində isə abituriyentlər I mərhələdə ana dili fənnindən test tapşırıqlarının 57,09, riyaziyyatdan 31,84, ingilis dilindən 1,03 faizini, II mərhələdə ana dilindən 53,14, ədəbiyyatdan 47,05, riyaziyyatdan 33,52, fizikadan 27,72, kimyadan 33,14, biologiyadan 47,92, tarixdən 31,15, coğrafiyadan 30,71 faizini düzgün cavablandırıb. Cavab göstəricilərindən aydın olur ki, hər iki bölmədə abituriyentlər fənlər üzrə testlərin yalnız 27-58 faizinə düzgün cavab veriblər. Test tapşırıqlarının məktəb proqramı çərçivəsində hazırlandığını və bu çərçivədən kənara çıxmadığını, qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, məzun məktəb proqramının 42–73 faizini mənimsəmir.