ELM VƏ TƏHSİL
Abituriyentlərə dəstək məqsədilə DİM-in “YouTube” kanalında 149 videomühazirə yerləşdirilib
Bakı, 24 sentyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyentlərə dəstək məqsədilə “YouTube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini yerləşdirib. Hazırda portala Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, russkiy yazık, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə ümumilikdə 149 videomühazirə yerləşdirilib. İyunun 12-dən etibarən portala yerləşdirilən dərslərə 29519 baxış sayı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Diqqətə çatdırıb ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən bu təsirin minimuma endirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Belə ki, bu il həm qəbul proqramı, həm də imtahanın məzmunu, imtahan suallarının təqdimedilmə forması daha da sadələşdirilib. Respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarına əsasən, tədrisi 2020-ci ilin mart-iyun aylarında nəzərdə tutulan mövzular ənənəvi qaydada keçirilmədiyi üçün qeyd onlar qəbul imtahanı proqramından çıxarıldı və imtahanlarda o mövzulara aid test tapşırıqları istifadə olunmadı. Bundan əlavə, imtahanın birinci mərhələsində istifadə olunan və yazılı cavab vermək tələb edən açıq tipli tapşırıqların sayı 50 faiz azaldılıb.