ELM VƏ TƏHSİL
Abituriyentlərin ən çox seçdiyi ixtisaslar müəyyən edilib
Bakı, 23 iyun, AZƏRTAC
Hər ixtisas qrupu üzrə abituriyentlərin istəyinə daha çox uyğun olan, ərizələrdə daha çox birinci yerdə göstərilən ən nüfuzlu ixtisaslar müəyyən edilib.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, hər bir ixtisas üzrə müsabiqə vəziyyəti təkcə həmin ixtisası seçən abituriyentlərin sayından deyil, həm də həmin ixtisas üçün ayrılmış plan yerlərinin miqdarından asılı olur. Bir qayda olaraq, abituriyentlərin sayının artması müsabiqə vəziyyətinin yüksəlməsinə, plan yerlərinin artması isə müsabiqə vəziyyətinin düşməsinə səbəb olur. Bu baxımdan, müsabiqə vəziyyəti ixtisasın nüfuz səviyyəsini tam ifadə edə bilməz. Nəzərə alsaq ki, ərizədə birinci yerdə göstərilən ixtisas abituriyentin istəyinə ən çox uyğun olandır, deməli, ixtisasın nüfuzunu həmin ixtisasın abituriyent ərizələrində birinci yerdə göstərilməsinin sayı əsasında müəyyənləşdirmək daha düzgün olar. Aparılan müqayisə zamanı müsabiqəsində iştirak etmək üçün ümumi bala qoyulan tələb 200-dən az olan ixtisaslar nəzərə alınmayıb. Bu qayda ilə hər qrupun ən nüfuzlu ixtisası müəyyənləşdirilib. Məlum olub ki, bu il abituriyentlər Azərbaycan bölməsində I qrupda ən çox Bakı Dövlət Universitetinin riyaziyyat müəllimliyi, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə (tədris ingilis dilində), III qrupda Azərbaycan Dillər Universitetinin xarici dil müəllimliyi (ingilis dili üzrə), IV qrupda Azərbaycan Tibb Universitetinin tibb, V qrupda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisaslarına üstünlük veriblər. III və IV ixtisas qruplarında Azərbaycan və rus bölməsinin abituriyentlərinin seçimi eyni olub. II qrupda rus bölməsinin abituriyentləri Azərbaycan bölməsinin abituriyentlərindən fərqli olaraq daha çox Azərbaycan Dövlət İqtisad Universitetinin tədrisi rus dilində olan maliyyə ixtisasına meyil ediblər. I ixtisas qrupunda rus bölməsinin abituriyentləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin informasiya texnologiyaları, V ixtisas qrupunda isə Azərbaycan Dövlət İqtisad Universitetinin dizayn (sahələr üzrə) ixtisasına üstünlük veriblər. Azərbaycan bölməsində I ixtisas qrupunda riyaziyyat müəllimliyi ixtisasına marağın artmasını Təhsil Nazirliyinin pedaqoji ixtisaslara göstərdiyi qayğı ilə əlaqələndirmək olar.