ELM VƏ TƏHSİL


Abituriyentlərin nəzərinə: qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyat başlayır

Bakı, 7 avqust, AZƏRTAC

2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayır.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, qabiliyyət imtahanlarında iştirak etmək üçün avqustun 7-dən 21-dək (https://eservices.dim.gov.az/erizebak/qabiliyyet/?frm=egov) linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

İmtahan nəticələri hələlik bəlli olmayan abituriyentlər nəticələr elan olunduqdan sonra müsabiqə şərtlərini ödədikləri halda qeydiyyatdan keçə biləcəklər.

Məşqçilik, musiqi müəllimliyi, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi, təsviri incəsənət müəllimliyi ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyatdan keçməsi tələb olunmur. Onlar müsabiqədə V qrup üzrə qəbul imtahanından (cari ilin məzunları buraxılış imtahanından) topladıqları bal əsasında iştirak edəcəklər.

Xatırladaq ki, buraxılış imtahanlarının nəticələri iki il qüvvədə olduğu üçün ötən il buraxılış imtahanlarında iştirak edib müsabiqə şərtlərinə uyğun bal toplayan və xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər də ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd veriblərsə, qeydiyyatdan keçməlidirlər.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanında iştirak üçün qeydiyyatdan keçməli və qabiliyyət imtahanında iştirak etməlidirlər. Digər ali təhsil müəssisələrinin dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər xüsusi qabiliyyət imtahanları verməyəcəklər. Buna görə də qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyatdan keçmək tələb olunmur. Həmin abituriyentlər dizayn ixtisası üzrə müsabiqəyə yalnız V qrup üzrə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) topladıqları yekun bal əsasında qatılacaqlar.

Musiqi müəllimliyi ixtisasını öz ərizələrində qeyd etmək istəyən və musiqi məktəbini 2016-cı ilə qədər bitirən abituriyentlər və subbakalavrlar öz bitirdikləri musiqi məktəbi ilə şəxsən əlaqə saxlayıb musiqi təhsili haqqında məlumatlarını “Musiqi məktəbi-məzun” sisteminə daxil etdirməlidirlər.

Məşqçilik, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisaslarını öz ixtisas ərizələrində qeyd etmək istəyən abituriyentlər qəbul olduqları təhsil müəssisəsinə sağlamlıq haqqında 086U formalı tibbi arayışı təqdim etməlidirlər.

Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanında iştirak etmək üçün sentyabrın 2-dən 6-dək qeydiyyatdan keçə biləcəklər.

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak üçün avqustun 27-dən 30-dək qeydiyyatdan keçə biləcəklər.

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin qabiliyyət imtahanına qeydiyyat tarixləri barədə məlumat veriləcək.

Xatırladaq ki, bir müddət əvvəl DİM ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2020-ci il 1-ci və 2-ci nömrələrini nəşr edib.

“Abituriyent” jurnalının xüsusi buraxılışı olan bu jurnallarda ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi və müsabiqənin keçirilməsi şərtləri, ixtisasların Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları (YQYK) üzrə bölgüsü, kadr hazırlığı aparılan orta ixtisas təhsili müəssisələri haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər və digər faydalı məlumatlar əksini tapıb.

Jurnalların elektron versiyasını (pdf formatında) DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti(http://eservices.dim.gov.az/ejurnal) vasitəsilə ödəniş etməklə əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.