CƏMİYYƏT
Abortun mənfi nəticələri barədə klip nümayiş olunub VİDEO
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 18-də “Nizami” Kino Mərkəzində “Aydınlığa doğru” Milli-mənəvi Dəyərlərin Qorunması İctimai Birliyinin “Ailə Akademiyası” layihəsi çərçivəsində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə selektiv abort əleyhinə çəkilmiş “Öldürmə, ana” klipinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təşkilatın fəaliyyətinə həsr edilmiş videoçarxın təqdimatından sonra “Onlardan biri mənəm” adlanan kiçik bir klip də nümayiş olunub. Qurumun sədri Solmaz Əmirli çıxış edərək təşkilatın gördüyü işlər, məqsəd və vəzifələrdən danışıb. O, “Ailə Akademiyası” layihəsinin vacibliyini vurğulayaraq qeyd edib: “2015-ci ildə yeni qurulan hər 7 ailədən biri, ötən il isə hər 5 ailədən biri dağılıb. Uğursuz nikahlar nəticəsində ən çox əziyyət çəkən uşaqlar olur. Ona görə də “Aydınlığa doğru” İctimai Birliyi cəmiyyətin ən aktual problemlərinə həsr olunan maarifləndirici tədbirlər həyata keçirir. Orta məktəblərdə valideyn və şagirdlərlə təşkil olunan seminarlar hələ erkən yaşlarda uşaqlarda ailə haqqında təsəvvürlərin yaradılması, düzgün ailə modelinin onlara aşılanması, eləcə də “Ailə Akademiyası” layihəsinə, dövlətin ailə institutuna dəstək verilməsi məqsədi daşıyır. S.Əmirli çıxışının sonunda bu çətin və məsuliyyətli işdə yardım edən hər kəsə öz minnətdarlığını bildirib.
Bundan sonra “Öldürmə, ana” klipi təqdim olunub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Nematullayeva, millət vəkili Qənirə Paşayeva, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Şahlar Əsgərov, TİKA-nın Bakı Proqramlaşdırma Ofisinin koordinatoru Adəm Urfan çıxış edərək ailə dəyərlərindən söhbət açıblar. Onlar gənclərdə ailə mədəniyyətinin formalaşdırılması istiqamətində görülən işləri, aparılan təbliğatı müsbət qarşıladıqlarını söyləyiblər. Layihənin düzgün ailə planlaşdırılmasına yönələn uğurlu addım kimi dəyərləndirən qonaqlar sağlam ailənin dövlətin əsas güc mərkəzlərindən biri olduğunu vurğulayıblar. Tədbirdə qadınların 56 faizinin ömründə bir dəfə də olsa abort etdirdiyi, onun qadın sağlamlığına vurduğu zərər və ali təhsilli xanımların bu sahədə azlıq təşkil etməsi də iştirakçıların diqqətinə çatdırılıb. Abortun əsas səbəblərindən olan cinsi seleksiya, uşaqlar arasında qoyulan fərqlər və bu psixologiyanın xoşagəlməz nəticələri barədə məlumat verilib.
Klipin rejissoru Elçin Elxanlı və videoçarxda iştirak edən sənət adamları vacib aksiyaya dəvətə edildiklərinə görə minnətdarlıqlarını bildiriblər.