SİYASƏT


Abraham Kuper: Azərbaycan tolerantlıq ənənələri və dinlərarası dialoqla bağlı nümunəvi modelə malikdir

Bakı, 26 noyabr, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 26-da ABŞ-ın tanınmış din xadimləri ravvin Abraham Kuper və yevangelist icmasının nümayəndəsi Conni Mur ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkəmizdəki nümunəvi dövlət-din münasibətlərindən, tolerantlıq siyasətindən bəhs edən Komitə sədri Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar arasındakı tolerant münasibətin qarşılıqlı hörmətə və əməkdaşlığa, bir-birini dəstəkləmək prinsipinə əsaslandığını bildirib. O, Azərbaycan xalqının dözümlülük keyfiyyətinin, ölkədə hökm sürən tolerantlıq mühitinin qorunub-saxlanılması istiqamətində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Dövlətin qarşısına qoyduğu məqsədlərdən birinin bu mühiti qoruyub-saxlamaq və təşviq etmək olduğunu deyən Mübariz Qurbanlı ölkədə güclü tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmləndirilməsinin Azərbaycanı dünyada multikulturalizmin mərkəzlərindən birinə çevirdiyini vurğulayıb.

Bu gün Azərbaycanda yalnız kilsə və sinaqoqların deyil, eyni zamanda, bir çox xristian, yəhudi dini tədris müəssisələrinin sərbəst fəaliyyət göstərdiyini bildirən Mübariz Qurbanlı yəhudi icmalarının Azərbaycandakı fəaliyyətindən danışıb. Dövlət Komitəsinin sədri ölkəmizdə 21-i xristian, 8-i yəhudi, 1-i krişna və 2-si bəhai olmaqla 32 qeyri-müsəlman dini icmasının dövlət qeydiyyatına alındığını və bu icmaların Azərbaycanın ictimai-siyasi həyatında yaxından və fəal iştirak etdiyini xüsusi olaraq bildirib.

Abraham Kuper dinlərə münasibətdə tolerantlığı, sünni və şiələr arasındakı vəhdəti ilə seçilən Azərbaycanın bu spesifik xüsusiyyətlərinə görə bütün dünyada fərqləndiyini vurğulayıb. Azərbaycanın tolerantlıq ənənələri və dinlərarası dialoqla bağlı nümunəvi modelə malik olduğunu diqqətə çatdıran qonaq yəhudi icmalarına göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. O, 7 sinaqoqun fəaliyyət göstərməsini, icmalara mütəmadi maddi vəsaitlərin ayrılmasını ölkəmizdəki tolerant mühitin, dinə dövlət qayğısının bariz nümunəsi adlandırıb.

Ölkəmizə ilk dəfə səfər etdiyini deyən yevangelist icmasının nümayəndəsi Conni Mur Bakının çox gözəl şəhər olduğunu bildirib. C.Mur Azərbaycanın dünyaya birgəyaşayış nümunəsi nümayiş etdirdiyini və bu modelin kökündə dini azadlıqların təmin edilməsinin dayandığını vurğulayıb.

Qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsinin aparıldığı görüşün sonunda qonaqlara DQİDK-nın nəşr etdirdiyi, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələrindən, eləcə də işğal olunmuş ərazilərimizdə vandalizm hərəkətlərinə məruz qalan tarixi-dini abidələrdən bəhs edən kitablar təqdim edilib.

Qeyd edək ki, görüşdə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev də iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.