REGİONLAR
Abşeron: 500 min sakin və rayonda məskunlaşan məcburi köçkünlər kütləvi pulsuz tibbi müayinədən keçiriləcək VİDEO
Sumqayıt, 2 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bölgələrdə əhalinin profilaktik müayinəsi davam edir. Xəstəlikləri vaxtında aşkarlamaq və müalicəsini təmin etmək məqsədi daşıyan aksiya Abşeron rayonunda da yüksək səviyyədə təşkil olunub. Kütləvi pulsuz tibbi müayinələrin aparılması üçün Abşeron Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb, qrafik tərtib edilib. Həmçinin müxtəlif ixtisaslı peşəkar həkimlərdən ibarət həkim briqadaları yaradılıb.
AZƏRTAC xəbər verir ki, əhalinin profilaktik müayinəsi rayonun 4 tibb müəssisəsində - Abşeron Rayon Mərkəzi Poliklinikası, uşaq poliklinikası, Saray qəsəbə xəstəxanası və Mehdiabad həkim ambulatoriyasında həyata keçirilir. Tərtib edilmiş qrafik əsasında rayon ərazisində fəaliyyət göstərən səhiyyə ocaqlarında 500 min sakin və rayonda məskunlaşan məcburi köçkünlər pulsuz tibbi müayinədən keçəcək.
Profilaktik tibbi müayinələrin aparıldığı müəssisələr müəyyənləşdirilib və lazımi tibbi ləvazimatlarla təmin olunub. Əhali yerli telekanal və qəzetlər vasitəsilə tibbi müayinələrin aparılması barədə ətraflı məlumatlandırılıb. Bununla yanaşı, rayonun kənd və qəsəbələrində profilaktik tibbi müayinələr barədə məlumatlar yayılıb, elanlar asılıb.
Tibbi müayinələr üçün müraciət edən hər bir pasiyent qeydiyyatdan keçirilir və həkim-mütəxəssislər tərəfindən ilkin müayinə aparılır. Ehtiyac yarandıqda pasiyentlərə köməkçi - instrumental tibbi müayinə tətbiq edilir və lazım gəldikdə, digər mütəxəssislərlə konsultasiya olunurlar.
Fevralın 15-dən martın 1-dək 27 min 100 nəfər tibbi müayinədən keçirilib. Müayinə zamanı 215 nəfər ambulator, 78 nəfər isə stasionar müalicəyə cəlb olunub.
Dövlətimizin başçısının bu humanist təşəbbüsü rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanır və kütləvi tibbi müayinəyə böyük həvəslə gəlirlər. Müayinədən keçənlər xeyirxah aksiyanı yüksək qiymətləndirir, qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.