CƏMİYYƏT
Abşeron Milli Parkında Ekoloji Bilik Günü qeyd olunub
Bakı, 16 aprel, AZƏRTAC
Aprelin 15-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Abşeron Milli Parkında Ekoloji Bilik Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, parkda, açıq havada bir qrup məktəbli və tələbə üçün ekoloji təlim keçirilib, mütəxəssislər tərəfindən xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən Abşeron Milli Parkı, burada qorunan flora və fauna növləri, yaşıllıqların qorunması, su ehtiyatlarının mühafizəsi, sudan səmərəli istifadə, tullantıların idarə olunmasına dair məlumat verilib. Azyaşlılar şəkillər vasitəsilə bir sıra məməli heyvanlar və onların ayaq izləri ilə tanış olublar. Həmçinin burada qeydə alınan Abşeron yarımadasının endemik bitki növü və antropogen təsirlər nəticəsində kritik azalma təhlükəsi olan Bakı gəvəni (Astragalus bakuensis) bitkisinə baxılıb, milli parkda görünən quşların müşahidəsi həyata keçirilib.
Sonda məktəblilər və tələbələrin təlimdə öyrəndikləri biliklər əsasında müsabiqə keçirilib və aktiv iştirakçılar mükafatlandırılıblar.
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə bildirib ki, təbiəti anlamaq, onu sevmək, təbiət qoynunda olarkən necə davranmağın erkən yaşlarda aşılanması ətraf mühitin, biomüxtəlifliyin qorunması üçün faydalıdır: “Təlimin məqsədi də ekoloji bilikləri artırmaq, təbiətə qayğıkeş münasibət formalaşdırmaqdır”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova Ekoloji Bilik Günündə Təhsil və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı, IDEA İctimai Birliyinin dəstəyi ilə "Su ehtiyatlarından səmərəli və qənaətli istifadə" mövzusunda onlayn vebinar keçirildiyini, gün ərzində nazirliyin sosial şəbəkə hesablarında Ekoloji Bilik Günü həştəqi ilə ölkəmizin təbii ehtiyatları, flora və fauna aləmi, qorunan əraziləri, faydalı qazıntı yataqları haqqında maraqlı faktlar paylaşıldığını, qurumun “Instagram” səhifəsində müsabiqələr keçirildiyini, ekoloji biliklərə dair müxtəlif suallar ünvanlandığını qeyd edib: “Yalnız bu gün deyil, hər gün təbii resurslardan dayanıqlı istifadə, sağlam ətraf mühit naminə birgə səy göstərməli, bu istiqamətdə öz töhfəmizi əsirgəməməliyik. Təbiətin xeyrinə atılan ən kiçik addımlar belə, sonda böyük dəyişikliklərə səbəb olur”, - deyə S.Məmmədova bildirib.