CƏMİYYƏT
Abşeron, Səbail və Binəqədi rayonlarında narkotiklərə qarşı əməliyyatlar keçirilib
Bakı, 15 iyul, AZƏRTAC
Abşeron Rayon Polis İdarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Saray qəsəbəsi sakini Fərid Vəliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun qəsəbə ərazisindəki evinin həyətinə baxış zamanı kultivasiya etdiyi 2 kiloqram 260 qram çəkidə 19 çətənə kolu aşkarlanıb. F.Vəliyev ifadəsində çətənə bitkilərini satmaq məqsədilə əkdiyini bildirib.
Səbail rayonunda da narkotik maddələrin satışı ilə məşğul olan şəxslər yaxalanıblar. Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Vurğun küçəsində Nəriman Ağayev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb. Axtarış zamanı ondan heroin, bir kibrit qutusu qurudulmuş marixuana və 7 ədəd psixotrop həb aşkar olunaraq götürülüb. Aparılan tədbirlərlə onun narkotik vasitələri internet üzərindən onlayn qaydada əldə etdiyi şəxs də müəyyənləşdirilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum olunmuş Azər Həsənov da tutulub. Axtarış zamanı ondan heroin aşkar edilib. Polis əməkdaşları tərəfindən onun yaşadığı mənzilə baxış zamanı isə oradan əlavə olaraq 2 kiloqram 300 qram heroin götürülüb.
Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları da narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxsləri saxlayıb. Əməliyyat zamanı “patı” adlanan psixotrop maddə olan metamfetamin satmaqda şübhəli bilinən Ramin Rəcəbov, Pünhan Bayramlı və Kənan Yarıyev saxlanılıblar. Bu şəxslərdən satmaq məqsədilə əldə etdikləri külli miqdarda metamfetamin aşkarlanıb.
Hər üç faktla bağlı Abşeron, Səbail və Binəqədi Rayon Polis idarələrində araşdırmalar və istintaq tədbirləri davam etdirilir.