CƏMİYYƏT
Abşeron ərazisində iki avtomobildə odlu silah aşkarlanaraq götürülüb
Bakı, 6 oktyabr, AZƏRTAC
Abşeron rayonu ərazisində iki avtomobildə odlu silah aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 4-də saat 21:00 radələrində Naftalan şəhər sakini Ə.Ruzicənginin idarə etdiyi “Mercedes” markalı avtomobil Abşeron rayonu ərazisində qurulmuş komendant postunda saxlanılıb.
Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan tir tüfəngi və optik binokl aşkar edilərək götürülüb.
Bundan əlavə, ötən gün paytaxt sakini E.Mirzəyevin idarə etdiyi “Mercedes” markalı avtomobil də Abşeron rayonu ərazisində qurulmuş komendant postunda saxlanılıb.
Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan “Ata-arms” markalı tüfəng aşkar edilərək götürülüb.
Hər iki sürücü araşdırma aparılması üçün avtomobillə birgə Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.