ELM VƏ TƏHSİL
Abşeron göllərinin tədqiqi ilə bağlı müzakirələr aparılıb
Bakı, 19 iyul, AZƏRTAC
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyinin iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, coğrafiya elmləri doktoru Vaqif Məmmədov “Abşeron göllərinin müasir ekoloji vəziyyətinin qiymətləndirilməsi” mövzusunda hazırladığı layihə haqqında məruzə edib. O bildirib ki, indiyədək Abşeron yarımadasında göllərin morfometrik parametrləri, fiziki, kimyəvi, bioloji göstəriciləri, xüsusilə də müasir ekoloji vəziyyəti və onların zaman keçdikcə dəyişmə xüsusiyyətləri tədqiq edilməyib. Həmçinin Azərbaycan Respublikası göllərinin kadastrı tərtib olunmayıb. Ceyranbatan su anbarı və kanalları istisna olmaqla, Abşeronun müasir hidroqrafik şəbəkəsinin əsasını göllər təşkil edir. Bu göllərdən uzun illərdir əhali tərəfindən bir sıra təsərrüfat və sosial-iqtisadi ehtiyacların ödənilməsi üçün istifadə olunur.
İnstitutun direktoru, akademik Ramiz Məmmədov göllərin xüsusi öyrənilməsinə ehtiyac olduğunu bildirib.
İclasda mövzu ilə bağlı müzakirələr aparılıb, təkliflər verilib. Abşeron gölləri haqqında məlumatların toplanaraq kitab hazırlanması qərara alınıb.