REGİONLAR
Abşeron məktəblərində xarici dil aylığına yekun vurulub
Xırdalan, 8 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunun ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yaxşılaşdırılması, fənlərin tədrisinin vəziyyətinin yüksəldilməsi, müəllim və şagirdlərin təlimə olan marağının artırılması məqsədilə xarici dil aylığı keçirilib.
Masazır 5 nömrəli tam orta məktəbdə aylığın yekun tədbirində təhsil şöbəsinin əməkdaşları, rayon məktəblərinin direktorları və təcrübəli müəllimlər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Daha sonra rayonun xarici dil müəllimlərinin hazırladıqları nümunəvi dərslər dinlənilib.
Dəyirmi masa formatında davam edən tədbirdə dinlənilən dərslər müzakirə olunub. Abşeron Təhsil Şöbəsinin (RTŞ) müdiri Nazilə Məmmədova ümumtəhsil məktəblərinin şagird və müəllimlərinin aylıq çərçivəsində hazırladıqları tədbirləri yüksək dəyərləndirərək minnətdarlığını bildirib.
Sonda Abşeron RTŞ-nin metodisti Səkinə Abbasovanın aylıq çərçivəsində görülən işlər barədə hesabatı dinlənilib, müzakirələr aparılıb.