REGİONLAR
Abşeron məktəblisi: Ölkəmizin tarixini bilmək biz məktəblilər üçün çox önəmlidir
Zaqatala, 14 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Artıq altıncı ildir ki, “Ölkəmizi tanıyaq” devizi ilə tur-aksiyalar keçirilir. Azərbaycanın tarixini öyrənmək biz məktəblilər üçün çox önəmlidir. Əksəriyyətimiz bu layihəyə ilk dəfədir qoşulmuşuq. Mən özüm bu bölgədə birinci dəfədir oluram və buraların gözəlliyinə heyran qaldım. Marşrut boyu hərəkət etdikcə bölgələrdə aparılan tikinti-quruculuq işlərinin canlı şahidi olduq. Qəbələnin, Şəkinin, Zaqatalanın tarixi məkanları ilə tanışlıq bizdə xoş təəssürat yaradıb. Bu baxımdan layihənin əhəmiyyətini yüksək qiymətləndirirəm.
Bu sözləri tur-aksiyanın iştirakçısı, Abşeron rayonu Xırdalan şəhər 2 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Nəzrin Quliyeva Zaqatalada AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
Tur-aksiyanın məktəblilərin hərtərəfli inkişafına müsbət təsir göstərdiyini vurğulayan Abşeron məktəblisi deyib: “Ekskursiyadan qayıtdıqdan sonra burada gördüklərimi sinif yoldaşlarıma, rəfiqələrimə danışacaq, onlarda olduğumuz bölgə barədə müəyyən təəssüratlar yaratmağa çalışacağam. Biz məktəblilərə belə dəyərli layihə hədiyyə etdiyinə görə Prezidentimizə minnətdarlığımızı bildiririk”.