İQTİSADİYYAT


“Abşeron qəsəbələrinin memarlıq siması” adlı memarlıq müsabiqəsi elan olunub

Bakı, 27 oktyabr, AZƏRTAC

Abşeron yarımadasının ərazisi yaşayışın mövcud olduğu ilk zamanlardan əvəzsiz mədəniyyət nümunələri ilə zəngin olub. Burada yerləşən və uzaq keçmişdən müasir dövrümüzədək gəlib çıxmış dəyərli tarixi-memarlıq abidələri özündə şərq və qərb memarlığının nümunələrini birləşdirir, müxtəlif mədəniyyət və sivilizasiyalarının izlərini yaşadır. Son illər ölkəmizin bütün ərazisində olduğu kimi, Bakıda və yerləşdiyi Abşeronda da aparılan nəhəng abadlıq-quruculuq, bərpa və yenidənqurma işləri sayəsində yarımadanın görkəmi daha da gözəlləşir, yeni-yeni möhtəşəm və təkrarsız tikililər inşa olunur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görülən işlərə təkan vermək, Abşeronun memarlığını qorumaq, milli incəsənət ruhunu yaşatmaq, həmçinin özünəməxsus rəng çalarlarını yenidən canlandıraraq gələcək nəsillərə ötürmək məqsədilə komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşəbbüsü ilə, Azərbaycan Memarlar İttifaqı və “Bakı Abadlıq Xidməti” MMC ilə birgə təşkil olunan “Abşeron qəsəbələrinin memarlıq siması” adlı memarlıq müsabiqəsi elan edilir.

Abşeron yarımadasının bütün ərazisini əhatə edəcək müsabiqə proqramının ilkin mərhələsində təqdim olunan layihələrdə Ramana, Pirşağı və Əmircan qəsəbələrinin estetik görünüşünün və həyat keyfiyyətinin inkişaf etdirilməsi, orijinallıq və mühit-məkan həllinin müəyyənləşdirilməsi kimi vacib məqamlar öz əksini tapmalıdır.

Ümumi mükafat fondu 60 min manat olan müsabiqədə layihə müəllifləri fərdi və ya qrup şəklində iştirak edə bilərlər. İştirakçılar yuxarıda qeyd olunan qəsəbələrdən birini və ya bir neçəsini seçmək hüququna malik olsalar da, seçilmiş hər bir ərazi üzrə ayrılıqda bir layihə təqdim olunmalıdır. Müsabiqədə iştirak etmək istəyənlər cari il noyabrın 25-dək qeydiyyatdan keçməli, layihələr isə dekabrın 10-dək saat 18:00-dan gec olmayaraq Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır.

Bu il dekabrın 21-də elan olunacaq nəticələrə əsasən münsiflər heyətinin seçdiyi 4 nəfər mükafatlandırılacaq. Birinci yerin sahibinə 10 min manat mükafat və 1-ci dərəcəli diplom, 2-ci yerin sahibinə isə 5000 manat və 2-ci dərəcəli diplom veriləcək. Üçüncü yerin sahibləri (iki yer) isə hər biri 2500 manat və 3-cü dərəcəli diplomla mükafatlandırılacaqlar. Digər iştirakçılara həvəsləndirici hədiyyələr və iştirakçı sertifikatları təqdim ediləcək.Müsabiqədə iştirak pulsuzdur.

Layihələr müsabiqəyə tam tərkibdə təqdim olunmalıdır. Seçilmiş layihə əsasında abadlıq işləri aparılacağı təqdirdə layihə müəllifi dəvət olunacaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qeydiyyatdan keçmək, habelə müsabiqə tapşırığı, iştirak şərtləri, qaydalar və digər detallarla tanış olmaq üçün bu məqsədlə xüsusi hazırladığı “Abşeron qəsəbələrinin memarlıq siması” internet səhifəsini (www.absheronsimasi.az) ziyarət edərək tanış olmağa dəvət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.