REGİONLAR
Abşeron rayon Ağsaqqallar Şurasının konfransı keçirilib
Xırdalan, 5 iyul, Ə.Rzayeva, AZƏRTAC
Abşeron rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunan konfransda Respublika Ağsaqqallar Şurası sədrinin müavini, deputat Eldar İbrahimov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və rayon ağsaqqalları iştirak ediblər.
AZƏRTAC xəbər verirlər ki, iştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, xatirəsini ehtiramla anıblar.
Konfransda çıxış edən deputat Eldar İbrahimov bildirib ki, Azərbaycan düşmən üzərində Qələbə qazandıqdan sonra işğaldan azad edilən torpaqlarımızda böyük həcmli bərpa-quruculuq işləri aparılır. Qeyd edilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində soydaşlarımız dədə-baba yurdlarına gözlənildiyindən daha tez qayıdacaqlar. Bu istiqamətdə sürətli işlərin görüldüyünü, bütün lazımi tədbirlərin reallaşdırıldığını, zəruri addımların atıldığını önə çəkən deputat əlavə edib ki, Azərbaycan Qoşulmama Hərəkatına üvz seçildikdən və quruma sədrlik etdikdən sonra böyük naliyyətlərə nail olunub. Belə ki, hazırda rəsmi Bakının təklifi ilə Hərəkatın Parlament Şəbəkəsi yaradılır. Bu da ölkələr arasında əlaqələrin daha da inkişaf etməsinə səbəb olacaq.
Sonra Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayevin hesabat məruzəsi dinlənilib. Məruzəçi rayon ağsaqqallarının respublikamızın əldə etdiyi Qələbənin, nailiyyətlərin geniş təbliğində iştirak etdiyini və bu istiqamətdə əllərindən gələni əsirgəmədiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycanın 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbədən, ordumuzun göstərdiyi şücaətdən danışıb. İcra başçısı bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti, iradəsi və qətiyyətli qərarları sayəsində xalqımız düşmən üzərində tam Qələbə qazanaraq öz dədə-baba torpaqlarına qovuşdu. Bununla da 30 illik Vətən həsrətinə, düşmən işğalına son qoyuldu.
Abşeron rayonunda görülən işlərdən və bundan sonra həyata keçirilməli olan layihələrdən söz açan icra başçısı əhalinin sürətli artımı nəticəsində rayon ərazisində ortaya çıxan məsələlər barədə ətraflı məlumat verib. Rayonun problemlərinin dərindən araşdırıldığını vurğulayan Abdin Fərzəliyev onların həlli istiqamətində təkliflərin hazırlandığını qeyd edib.
Sonra çıxışlarda hesabat məqbul hesab olunub.
Tədbirin sonunda xatirə şəkli çəkilib.