REGİONLAR


Abşeron rayon büdcəsinin yerli gəlirlər proqnozu 111 faiz yerinə yetirilib VİDEO

Xırdalan, 17 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Artıq 6 ildir ki, Abşeron rayonu dotasiya almadan bütün xərclərini yerli daxilolmalar hesabına maliyyələşdirir və bu il rayonun yerli xərclərindən artıq 23,5 milyon manatın dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bu barədə Abşeron rayonunda 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarının müzakirə olunduğu hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova məlumat verib.

Rayon icra hakimiyyətinin başçısı ötən dövrdə görülən işlər barədə ümumi məlumat verdikdən sonra hesabat məruzəsi təqdim olunub.

Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini İlham Quliyev bildirib ki, 2017-ci ilin ötən dövründə rayonun daxili imkanları hesabına bir sıra abadlıq-quruculuq işləri görülüb, avtomobil yolları təmir olunub. Bundan başqa, Dövlət Proqramına uyğun olaraq və Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına Mehdiabad-Digah-Məmmədli, Mehdiabad-Novxanı və Lökbatan-Qobu yollarının əsaslı şəkildə yenidən qurulması həyata keçirilib. Bakı-Quba və Bakı-Şamaxı magistral avtomobil yollarının Abşeron rayonundan keçən hissəsində 4 yerdə yerüstü keçid inşa edilərək istifadəyə verilib. Dövlət başçısının tapşırığına uyğun olaraq, çoxmənzilli yaşayış binalarının təmiri ilə bağlı Ceyranbatan qəsəbəsi ərazisində əsaslı təmirə ehtiyac olan 12 çoxmənzilli yaşayış binasının hamısında təmir işləri başa çatdırılıb. Məmmədli kəndində yeni yaşayış massivi ərazisində 500-dən çox evi və magistral yolu subasma ilə əlaqədar 850 metr uzunluğunda 1000 millimetr diametrli xətt çəkilib və uzun müddət bununla bağlı mövcud olan problem tamamilə aradan qaldırılıb.

Diqqətə çatdırılıb ki, hesabat dövründə Novxanı kəndində uzunluğu 13,2 kilometr olan içməli su və 6,6 kilometr magistral kanalizasiya xəttinin çəkilişi başa çatdırılaraq istifadəyə verilib. Azərbaycan Hökuməti ilə Səudiyyə İnkişaf Fondu arasında bağlanmış kredit sazişinə əsasən, cari ilin iyul ayından Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsinin icrasına başlanılıb.

Sahibkarlığa Kömək Milli Fondu rayon ərazisində fəaliyyət göstərən sahibkarlara 16 layihə üzrə 11 milyon 439 min manat güzəştli kredit verib ki, bu layihələr çərçivəsində 189 yeni iş yerinin açılması nəzərdə tutulur. Rayon sahibkarları tərəfindən ixracyönümlü məhsul istehsalına diqqət artırılıb, 34 şirkət tərəfindən istehsal olunan 328 adda məhsulun xarici bazarlara çıxarılması üçün “Azexport.az” saytında müvafiq məlumatlar yerləşdirilib.

Qeyd olunub ki, ötən illərdə olduğu kimi, 2017-ci ildə də rayonda heyvandarlıq və bitkiçilik məhsulları istehsalının həcmi xeyli artıb, 774 hektar taxıl sahəsindən 1164 ton, 664 hektar tərəvəz sahəsindən isə 50227 ton məhsul əldə olunub. Rayonun iqtisadi potensialına uyğun olaraq sahibkarlar üçün yaradılmış əlverişli şəraitin nəticəsidir ki, bu il rayonun inzibati və təhkim olunmuş kənd təsərrüfatı torpaqlarında 10 sahibkar tərəfindən 45,3 hektar sahədə müasir istixanalar tikilib istifadəyə verilib. Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq rayonun kənd təsərrüfatı torpaqlarında zeytun və badam bağlarının sahələrinin genişləndirilməsi istiqamətində də işlər görülür. Hazırda Aşağı Güzdək ərazisində 330 hektar sahədə zeytun ağaclarının əkilməsi ilə bağlı işlər sürətlə davam etdirilir. Artıq 22 min zeytun tingi əkilib. Eyni zamanda, keçmiş 3 saylı zeytun sovxozunun ərazisində yeni badam bağlarının salınması məqsədilə 210 hektar torpaq ayrılıb və bunun artıq 80 hektarında bağ salınıb.

Məruzədə qeyd olunub ki, Abşeron rayon büdcəsinin yerli gəlirlər proqnozu 24,3 milyon manata qarşı 27,1 milyon manat və ya 111 faiz yerinə yetirilib. Nəticədə büdcəyə nəzərdə tutulduğundan 2,8 milyon manat əlavə vəsait daxil olub.

Yığıncaqda təhsil, səhiyyə, sənaye sahələrindəki vəziyyət ətraflı təhlil olunub, qazanılmış uğurlardan, həyata keçirilən layihələrdən ətraflı söhbət açılıb. İştirakçılar yolverilən nöqsanları təhlil edib, mövcud problemlərlə bağlı təkliflər səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.