REGİONLAR
Abşeron rayon iqtisadiyyatına ümumilikdə 291 milyon manat özəl investisiya cəlb olunub
Xırdalan, 20 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Ölkə başçısının yerli icra strukturları qarşısında qoyduğu ən mühüm vəzifə - sahibkarlığın inkişafı, özəl investisiyaların daha çox cəlb edilməsi, xüsusilə kənd təsərrüfatı və sənaye istehsalı üçün əlverişli şəraitin yaradılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi Abşeron rayonunda da daim gündəmdə olan məsələlərdəndir. Belə ki, 2018-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon ərazisində və rayona təhkim olunmuş torpaqlarda fəaliyyət göstərən sahibkarlara 28 investisiya layihəsi üçün 23 milyon 458 min manat güzəştli kredit verilib. Nəticədə həyata keçirilmiş bu layihələr üzrə 397 yeni iş yeri yaradılıb.
Abşeron Rayon İcra Hakimiyyətindən AZƏRTAC –a bildirilib ki, eyni zamanda, dövlət büdcəsində əsaslı vəsait qoyuluşu xərclərində Abşeron rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2 milyon manat vəsait ayrılıb. Bununla əlaqədar Qobu qəsəbəsi ərazisində 0.7 hektar ərazidə xalça istehsalı emalatxanasının tikintisi başa çatdırılaraq istifadəyə verilib. Müəssisədə 160 nəfərin işlə təmin olunması nəzərdə tutulur.
Verilən məlumata görə, ötən il rayon iqtisadiyyatının müxtəlif sahələri üzrə ümumilikdə 291 milyon manat özəl investisiya cəlb olunub və 6209 yeni iş yeri yaradılıb.