REGİONLAR
Abşeron rayonunda 2 ədəd tank əleyhinə mina tapılıb
Xırdalan, 11 mart, AZƏRTAC
Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində təlim məqsədli (tərkibində heç bir partlayıcı maddə olmayan) 2 ədəd tank əleyhinə mina (TM-46 və TM-62M) tapılıb.
AZƏRTAC Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadla xəbər verir ki, martın 11-də saat 12:30-da Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində minanın tapılması barədə məlumat daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ərazidə yol kənarına baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində tərkibində heç bir partlayıcı maddə olmayan 2 ədəd tank əleyhinə mina (TM-46 və TM-62M) aşkar olunub və götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minaların ətrafında 500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.