REGİONLAR
Abşeron rayonunda Gənclər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
Xırdalan, 2 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Fevralın 2-də Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Abşeron Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Gənclər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayon gənclərini əlamətdar tarix münasibətilə təbrik edərək, onlara gündən-günə daha da inkişaf edən ölkəmizdə xoşbəxt və firavan həyat, sağlamlıq və uğurlu gələcək arzulayıb.
Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən 1997-ci ildə imzalanan Sərəncamla fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edildiyini xatırladan icra hakimiyyətinin başçısı qeyd edib ki, Ulu Öndərin gənclər siyasətinin nəticəsi olaraq gənclər dövlət idarəçiliyinin bütün sahələrində fəal iştirak etməyə başladılar. Heydər Əliyev daim gənclərə böyük etimad göstərirdi, onlara güvənərək vurğulayırdı: “Gənclər cəmiyyətimizin əksəriyyətini təşkil edir, onlar bizim bu günümüz, həm də gələcəyimizdir. Biz, Azərbaycan dövləti, xalqımız gənclərə böyük ümidlə baxırıq”.
Bildirilib ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin mühüm rolu var.
Abşeronda həyata keçirilən gənclər siyasətinə və gənclərin sosial problemlərinin həllinə də toxunan İ.Gülməmmədova qeyd edib ki, rayon gəncləri Abşeronun, eləcə də ölkənin ictimai-siyasi həyatında fəallıqları ilə seçilirlər.
Tədbirdə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmiralıyev ötən il Abşeronda dövlət-gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən və qarşıda duran vəzifələrdən danışıb.
Daha sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup gəncə fəxri fərman təqdim olunub.
Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsinin əməkdaşı Nicat Şərifov, Bakı Mühəndislik Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Elnur Mirzəyev, Prezident mükafatçısı, Uşu-sanda idman növü üzrə 3 qat Avropa çempionu və İslam Həmrəylik Oyunlarının gümüş və bürünc mükafatçısı Elçin Eminov, Xırdalan 2 nömrəli tam orta məktəbin müəllimi, “İlin peşəkar gənci” adına layiq görülən Elnarə Həsənova çıxış edərək ölkəmizdə gənclərə göstərilən qayğıdan danışıb, Prezident İlham Əliyevə onlara yaradılan şəraitə görə rayon gənclərinin minnətdarlığını bildiriblər.
Tədbir Mədəniyyət Nazirliyinin və Azərbaycan Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) birgə təşkilatçılığı ilə keçirilən “Gəncliyin səsi” festivalı çərçivəsində təşkil olunan Prezident təqaüdçülərinin konserti ilə davam edib. Gənc musiqiçilərin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən, xalq mahnıları və muğamlardan ibarət proqram təqdim olunub.