REGİONLAR


Abşeron rayonunda Polis Günü qeyd edilib

Xırdalan, 3 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində 2 İyun – Azərbaycan Polisi Günü qeyd edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və Abşeron polisinin əməkdaşları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin Mərkəzdəki büstü önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tədbirdə çıxış edərək polis əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan polisi yarandığı cümhuriyyət dövründən bu günə kimi daim xalqın xidmətində durub. Azərbaycanda daxili işlər orqanlarının inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. O deyib ki, bu siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğı nəticəsində polis orqanlarının maddi-texniki bazası gücləndirilib, əməkdaşların peşəkarlıq səviyyəsi artırılıb, onların sosial durumlarının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Ölkədə ictimai-siyasi sabitliyin qorunub saxlanılmasında polis əməkdaşlarının böyük xidmətlərinin olduğunu, onların üzərinə məsuliyyətli işin düşdüyünü və bu şərəfli işin öhdəsindən uğurla gəldiklərini vurğulayan icra başçısı qeyd edib ki, Azərbaycan polisi həm Birinci Qarabağ müharibəsində, həm də Vətən müharibəsində ordumuzla çiyin-çiyinə döyüşüb, “Dəmir yumruq” ətrafında sıx birləşərək torpaqlarımızın 30 illik işğalına son qoyulmasında qəhrəmancasına döyüşüblər.

Tədbirdə çıxış edən rayon polis idarəsinin rəisi, polis polkovniki Şəhriyar Şəmşirli bildirib ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib.

“Ümummilli lider Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi hərtərəfli islahatların nəticəsi olaraq, Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda, beynəlxalq standartlara uyğunlaşdırılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycanda Polis Günü kimi qeyd olunmağa başlanılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanı, o cümlədən Azərbaycan polisi bu gün də insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır”, - deyə Ş.Şəmşirli qeyd edib.

Sonra çıxış edənlər polis işçilərini peşə bayramları günü münasibətilə təbrik edib və 104 illik tarixə malik Azərbaycan polisinin keşməkeşli, şərəfli bir yol keçdiyini bildiriblər.

Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına icra hakimiyyətinin fəxri fərmanı və mükafatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.