REGİONLAR
Abşeron rayonunda Vətən müharibəsində qazi olmuş hərbçilərin ailələri ziyarət edilib
Xırdalan, 11 may, Ətrabə Rzayeva, AZƏRTAC
Müsəlman dünyasının müqəddəs Ramazan bayramı ərəfəsində Abşeron rayon İcra Hakimiyyətinin yanında İctimai Şuranın təşəbbüsü, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin Abşeron rayon nümayəndəliyinin və “Sun Food” MMC Xırdalan Logistika Departamentinin birgə təşkilatçılığı ilə rayonda Vətən müharibəsi zamanı qazi olmuş hərbçilərin ailələri və aztəminatlı ailələr ziyarət edilib.
Şuranın sədri Elcin Quliyev AZƏRTAC–a bildirib ki, rayonun kənd və qəsəbələrində, eləcə də Xırdalan şəhərində keçirilən görüşlər zamanı igid oğullarımızın Vətənin azadlığı, bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəldiyi vurğulanıb. Eyni zamanda, cəsur qazilərimiz ölkəmizin ərazi bütövlüyü yolunda öz sağlamlıqlarından keçiblər. Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib və şəhid ailələrinin, qazilər və Vətən müharibəsinin iştirakçılarının daim diqqətdə olacaqları, onların hər zaman dövlətimizin qayğısını hiss edəcəkləri bildirilib.
Görüşlərdə qazi və şəhid ailələri ilə söhbət edilib, onların gündəlik qayğı və problemləri ilə maraqlanıblar. Aksiya zamanı qazi ailələrinə ərzaq sovqatları təqdim edilib, mənəvi dəstək göstərilib.
Qazilər ölkədə şəhid ailələrinə, qazilərə və veteranlara diqqət və qayğının göstərildiyini qeyd edərək, buna görə Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.