REGİONLAR
Abşeron rayonunda bir neçə məktəb əsaslı təmir olunub və yeniləri istifadəyə verilib
Xırdalan, 6 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Xırdalandakı Heydər Əliyev Mərkəzi Abşeron rayon təhsil işçilərinin ixtiyarına verilib. Burada rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində Ümummilli Liderin büstü önünə tər güllər düzüblər.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova müəllimləri peşə bayramı münasibətilə təbrik edib. O, rayonda məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətlərində mühüm işlər görüldüyünu bildirib. Diqqətə çatdırıb ki, son illər rayonda bir neçə məktəb əsaslı təmir edilib, yeni məktəb və bağçalar tikilib istifadəyə verilib.
Qeyd edilib ki, Beynəlxalq Müəllimlər Günü ərəfəsində Prezident İlham Əliyevin Sərəncamı ilə rayonun müəllimlərindən Amalya Məmmədova “Əməkdar müəllim” fəxri adına, Təhsil Nazirliyinin əmrinə əsasən Xırdalan şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Firudun Əliyev “Qabaqcıl təhsil işçisi” adına, Abşeron Rayon Təhsil Şöbəsinin metodisti Yaydagül Rəhimova və Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin müəllimi Minarə Əhmədova isə fəxri fərmana layiq görülüblər.
Bayram tədbirində rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova son illər Abşeronda yeni məktəb binalarının tikintisindən, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Sonra Əməkdar müəllimlər Nadir Ağayev və Amalya Məmmədova Abşeron müəllimləri adından Azərbaycan təhsilinə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Rayonda təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə fəxri fərman təqdim olunub.
Tədbir çay süfrəsi arxasında bədii proqramla davam edib.