CƏMİYYƏT
Abşeron rayonunda bu ilin üç ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 122 fakt aşkarlanıb VİDEO
Bakı, 13 aprel, AZƏRTAC
Bu ilin üç ayı ərzində Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar nəticəsindən narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 122 fakt aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu əməliyyatlar nəticəsində 16 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Qeyd edilən rəqəmin 6 kiloqramını xüsusi təsiredici qüvvəyə malik narkotik maddələr təşkil edir.
Bunu Abşeron Rayon Polis İdarəsinin rəis mavini, polis polkovniki Elçin Rəcəbov Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin Nəzdində İqtisadiyyat və Humanitar Kollecində narkomaniyaya qarşı maarifləndirmə tədbirində səsləndirib. “Narkomaniyaya yox deyək!” mövzusunda keçirilən tədbirdə tələbələr qarşısında çıxış edən Elçin Rəcəbov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq bu maddələrin fəsadları barədə geniş məlumat verib.
Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin və digər qurumların əməkdaşları gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən söz açaraq gənclərə bu pis vərdişdən uzaq olmağı tövsiyə ediblər.
Rayon polis idarəsinin digər əməkdaşları ölkənin hər bir yerində olduğu kimi, Abşeron rayonunda da narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparıldığını bildiriblər.