REGİONLAR
Abşeron rayonunda dəfn edilən türk əsgərlərinin şərəfinə abidə ucaldılır
Digah, 13 mart, Ətrabə Rzayeva, AZƏRTAC
1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun erməni-rus işğalçılarına qarşı apardığı döyüşlərdə şəhid olan və Abşeron rayonunun Digah qəsəbəsindəki qəbiristanlıqda dəfn edilən naməlum türk əsgərlərinin şərəfinə abidə ucaldılır.
AZƏRTAC xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşı Volkan Öskiper, hər iki ölkənin rəsmi şəxsləri və ziyalılar abidənin tikintisi ilə yaxından tanış olmaq məqsədi ilə əraziyə gəliblər.
Əvvəlcə tədbir iştirakçıları naməlum türk əsgəri məzarlığını ziyarət edib, şəhidlərin xatirəsini ehtiramla anıblar. Şəhidlərin ruhuna dualar oxunub.
Bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 150 kvadratmetr ərazidə yaradılan abidə müasir üslubda qurulur, şəhidlik kompleksinin ərazisi genişləndirilir, ətrafda abadlıq işləri görülür.
Mərasimdə çıxış edən İradə Gülməmmədova, Volkan Öskiper və rayon ictimaiyyətinin nümayəndələri Qafqaz İslam Ordusunun 1918-ci ildə ermənilərə qarşı zəfər yürüşündən, azadlıq missiyasından söhbət açıblar.
Qeyd edilib ki, 1918-ci ildə ermənilər Bakı şəhəri ilə yanaşı, Azərbaycanın regionlarında, o cümlədən Abşeron rayonunun kənd və qəsəbələrində də qırğınlar törədərək günahsız insanları vəhşiliklə qətlə yetiriblər. Mənfur düşmənlərimiz yerli əhaliyə ağlasığmayan işgəncələr verib. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun əsgərləri köməyə gələrək erməni birləşmələrini darmadağın ediblər. Abşeron rayonunun Digah qəsəbəsində ermənilərlə döyüşdə yerli sakinlərlə bərabər, 9 türk əsgəri də qəhrəmanlıqla şəhid olub. Onlar Digah qəsəbəsindəki qədim məzarlıqda dəfn ediliblər.
Daha sonra abidənin ətrafında abşeronlu könüllülərin iştirakı ilə 500 ağac və gül kolları əkilib.