CƏMİYYƏT
Abşeron rayonunda evlərdən 20 min manatlıq məişət əşyaları oğurlayan cinayətkar dəstənin üzvləri həbs olunublar VİDEO
Bakı, 14 aprel, AZƏRTAC
Xırdalan şəhərinin “Quşçuluq” yaşayış massivində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək evdə olmadığı müddətdə mənzildən 1800 manat dəyərində televizor, həmçinin kombi aparatının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, eyni məzmunlu şikayətlərlə müraciət edən həmin ərazidə yaşayan daha beş sakinin ərizəsi polis idarəsində qeydiyyata alınıb. Onlar da evlərindən məişət və digər əşyaların oğurlandığını deyiblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxslər tərəfindən törədildiyi müəyyənləşdirilib.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elşən Musayev, Vüsal Veysəlov və Zakir Əzizov saxlanılıblar. Onlar izahatlarında etdikləri oğurluqları etiraf ediblər. Araşdırmalar zamanı dəstə üzvlərinin mənzil sahiblərinə 20 min manata yaxın maddi ziyan vurduqları müəyyən edilib. Saxlanılan şəxslər evlərdən oğurladıqları əşyaların bir hissəsini satıb əldə etdikləri pulu aralarında bölüblər.
Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsində istintaq tədbirləri davam etdirilir. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.