REGİONLAR
Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illiyi qeyd edilib
Xırdalan, 28 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illiyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, dahi rəhbərin xatirəsi dərin ehtiramla yad olunub.
Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Daha sonra akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
Çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. Zərifə xanım əsl Azərbaycan qadının bütün mənəvi keyfiyyətlərini özündə cəmləşdirməklə hər kəsə nümunə olub. Onun həm həkim, həm dəyərli şəxsiyyət, həm də ictimai xadim kimi çox böyük nüfuz qazandığını qeyd edən icra başçısı, Zərifə xanımın taleyinə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat yoldaşı və Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin anası olması yazıldığını vurğulayıb.
Milli Məclisin deputatı Vüqar İskəndərov Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən danışaraq, onun ölkəmizdə ictimai xadim kimi böyük nüfuz qazanması ilə yanaşı, çoxlu gənc alimlərin yetişməsində göstərdiyi elmi fəaliyyətdən söz açıb. O, Zərifə xanım Əliyevanın xalqına xeyirxahlıqla xidmət edən, humanist və ictimai xadim kimi xalqımızın yaddaşında hər zaman qalacağını bildirib.
Daha sonra çıxış edən Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov, Vətən müharibəsi şəhidi İlqar Vəliyevin həyat yoldaşı Təhminə Vəliyeva, Saray qəsəbəsi 3 saylı tam orta məktəbin direktoru, Əməkdar müəllim Təyyubə Hüseynova Zərifə xanım Əliyevanın sədaqətli həyat yoldaşı, qayğıkeş ana, gözəl tibb xadimi olduğunu vurğulayıblar. Natiqlər Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən danışaraq onun oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərindən, bir çox göz xəstəliklərinin uğurlu müalicəsində böyük əzmi və fəaliyyətini qeyd edib, o dövr üçün ölkəmizdə aktual olan bir çox oftalmoloji problemlərin məhz onun sayəsində tamamilə həll olunduğunu diqqətə çatdırıblar.
Tədbir Azərbaycanın tanınmış incəsənət xadimlərinin ifasında təqdim olunan bədii proqramla davam edib.