CƏMİYYƏT
Abşeron rayonunda itkin düşən şəxsin yol-nəqliyyat hadisəsi zamanı ölməsi müəyyən edilib
Bakı, 22 yanvar, AZƏRTAC
Abşeron Rayon Polis İdarəsinə Hökməli qəsəbəsində yaşayan ruhi xəstə Ceyhun Əhmədovun yanvarın 8-də evdən çıxaraq geri qayıtmaması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
C.Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin yanvarın 21-də Çaylı kəndinin ərazisindən keçən çayda tapılması faktı ilə əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
İstintaq və əməliyyat tədbirləri ilə C.Əhmədovun yanvarın 8-də saat 20 radələrində Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində “Ford Tranzit” markalı avtomobillə vurulduqdan sonra həmin nəqliyyat vasitəsində sürücü və sərnişini tərəfindən aparılması müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə avtomobilin sürücüsü, Xırdalan şəhər sakini H.Xudiyev və sərnişini, Bakı şəhər sakini S.Köçərili saxlanılıblar.
Hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən təhqiqat aparılır.