CƏMİYYƏT
Abşeron rayonunda karantin rejimi qaydalarına riayət etməyən şəxslərə qarşı reyd keçirilib
Bakı, 12 oktyabr, AZƏRTAC
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisində fəaliyyətinə icazə verilən obyektlərdə və əhalinin sıx olduğu məkanlarda nəzarət-profilaktiki reydlər keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən - maskalardan istifadə etməyən şəxslər qanunvericiliyə uyğun inzibati məsuliyyətə cəlb olunublar.
Reydlər zamanı mağazalara maskasız daxil olan və buna göz yuman obyekt əməkdaşları polislər tərəfindən müəyyənləşdirilərək qanunvericiliyə uyğun şəkildə ciddi cəzalandırılıblar.
Eyni zamanda, apteklərdə sanitar-gigiyenik qaydalarına əməl etməyən tibbi maska və əlcəksiz işləyən satıcılara da xəbərdarlıq edilərək barələrində intizam tədbirləri görülüb. Polis əməkdaşları tərəfindən sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb. Abşeron rayonunda karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi davam etdiriləcək.
Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti noyabrın 2-si saat 06:00-dək uzadılıb.