REGİONLAR
Abşeron rayonunda keçirilən minifutbol üzrə birinciliyin qalibləri məlum olub
Sumqayıt, 6 may, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən silsilə idman yarışları keçirilir. Abşeron Rayon İcra Hakimiyyətinin, YAP Abşeron rayon təşkilatının, rayon Gənclər və İdman İdarəsinin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan futbol üzrə rayon birinciliyinin qalibləri məlum olub. Aprel ayının 22-də başlanan turnirdə Abşeron rayonunun orta məktəblərinin 40 komandası 5 qrupa bölünərək qalib uğrunda mübarizə aparıb.
AZƏRTAC xəbər verir ki, yarışın final mərhələsində Azərbaycanın Dövlət Himni oxunub, ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi yad edilib.
Minifutbol turnirinin final mərhələsini rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmrəliyev, həmçinin idman ictimaiyyəti izləyıb.
Masazır kənd 3 nömrəli və Qobu qəsəbə 3 nömrəli tam orta məktəblərin komandaları birincilik uğrunda mübarizə aparıblar. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən oyunda rəqibini 4:0 hesabı ilə məğlub edən masazırlılar turnirin qalibi olublar.
Qalibləri təhrik edən Gülnar Rəhimova bildirib ki, dövlət tərəfindən idmanın kütləviliyinin təmin edilməsi istiqamətində müxtəlif və böyükmiqyaslı layihələr icra olunmaqdadır. Ölkədə sağlam nəslin formalaşması, idman sahəsində böyük nailiyyətlərin əldə edilməsi məhz ulu öndər Heydər Əliyevin memarı olduğu uğurlu gənclər siyasətinin nəticəsidir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bunun nəticəsində gənclərimiz daha böyük nailiyyətlər qazanırlar. Bu gün Azərbaycan gənci dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub.
YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın idman siyasətinin formalaşdırılmasında xidmətləri əvəzsizdir. Ümummilli Lider idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir.
Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmrəliyev isə bildirib ki, son illərdə respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı, habelə idmanın bütün növləri üzrə qazanılmış uğurların ilbəil artması ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin bədən tərbiyəsi və idmana göstərdiyi diqqət və qayğının nəticəsidir.
Sonda yarışın qalib komandaları mükafatlandırılıb.