CƏMİYYƏT
Abşeron rayonunda qonşusunu boğaraq öldürməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
Bakı, 23 yanvar, AZƏRTAC
Yanvarın 22-də saat 19 radələrində Abşeron rayonunun Saray qəsəbəsində 1972-ci il təvəllüdlü Bədirov Tofiq Güləli oğlunun yaşadığı evdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Abşeron Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 2003-cü il təvəllüdlü Əliyev İsmayıl Nəvahi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış̧ mübahisə zamanı Tofiq Bədirovu boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İsmayıl Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.