REGİONLAR
Abşeron rayonunda şəhid ailəsi fərdi evlə təmin olunub VİDEO
Xırdalan, 29 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunun Məhəmmədi kənd bələdiyyəsi tərəfindən şəhid Zöhrab Mustafazadənin ailəsi fərdi evlə təmin edilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə dövlət qayğısından bəhs olunub. Qeyd edilib ki, dünyada iqtisadi böhranın kəskinləşməsinə baxmayaraq, Azərbaycanda sosial-iqtisadi inkişaf dinamikası qorunub saxlanılır və bütün sosial proqramlar, o cümlədən şəhid ailələrinin mənzillə təminatı işləri uğurla davam etdirilir.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova əminliklə vurğulayıb ki, Azərbaycan dövlətinin qüdrəti, Prezident İlham Əliyevin qətiyyəti və ordumuzun gücü sayəsində işğal altında olan bütün torpaqlarımız düşmən tapdağından azad ediləcək. Bildirilib ki, mövcud iqtisadi şəraitdə ölkəmizdə aparılan islahatlar, eyni zamanda, sosial siyasət kursunun daim güclənməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına yönələn tədbirlərlə müşahidə olunur.
Şəhidin yaxınları Vətənimizin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olmuş insanların xatirəsinin daim uca tutulması, onların ailələrinin sosial rifah halının yaxşılaşdırılması, xüsusən yeni mənzillərlə təmin olunması istiqamətində aparılan məqsədyönlü işlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Füzuli rayonunun Alaxanlı kəndi istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan 1996-cı il təvəllüdlü Zöhrab Mustafazadə Məhəmmədi kəndində doğulub, boya başa çatıb.