REGİONLAR


Abşeron rayonunda silsilə tədbirlər keçirilib

Xırdalan, 14 may, Ə.Rzayeva, AZƏRTAC

Azərbaycanın ərazi bütövlüyü uğrunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışı və rəhbərliyi ilə döyüşlərə qatılan və qələbəmizlə nəticələnən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlmiş, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medallarına layiq görülən Heydərov Qadir Ədalət oğlunun 24-cü doğum günü qeyd edilib.

AZƏRTAC xəbər verir ki, iştirakçılar şəhid Qadir Heydərovun Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki məzarını ziyarət edib, abidə ətrafında aparılan yenidənqurma işləri və vətənimizin bütövlüyü uğrunda şəhid olan igidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə yeni tikilən Xatirə Kompleksi ilə tanış olub, ruhlarına dualar oxuyublar.

Tədbirdə şəhid Qadir Heydərovun atası Ədalət Heydərov çıxış edərək ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyini vurğulayıb və bütün bunlara görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürünü ifadə edib.

Daha sonra Mehdiabad qəsəbəsindəki “Mərasim evi”ndə şəhidlərimizin əziz xatirəsinə ehsan süfrəsi açılıb.

X X X

Mayın 13-də Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron rayon təşkilatının sədri ilə birgə şəhid Heydərov Qadir Ədalət oğlunun doğum günü ilə əlaqədar onun məzarını ziyarət edib, Xatirə Kompleksi ilə tanış olub.

Daha sonra RİH başçısı Abdin Fərzəliyev şəhid Heydərov Qadir Ədalət oğlunun əvvəllər yaşadığı evə gedərək onun ailə üzvləri ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.

X X X

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid mayor pilot Həsənov Elmir Mircəlil oğlunun əvvəllər yaşadığı evə gedərək, onun qızının doğum günündə iştirak edib. RİH başçısı şəhid övladını ad günü münasibəti ilə təbrik edərək ailənin qayğıları ilə maraqlanıb, onlara hər cür lazımi dəstəyin bundan sonra da daimi olaraq göstəriləcəyini bildirib.

Şəhid ailəsi də öz növbəsində dövlət tərəfindən onlara daim diqqət və qayğı göstərildiyini vurğulayaraq, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

X X X

Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən, Vətən müharibəsi şəhidi Mehdiyev İsmayıl David oğlunun anası Natəvan Mehdiyeva ilə görüş keçirilib.

Abşeron RİH-nin inzibati binasında təşkil olunan görüşdə icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailəsinin problemləri və qayğıları ilə maraqlanıb. Şəhid anası Natəvan Mehdiyeva hazırda Xırdalan şəhərində yaşadıqlarını, əslən Zəngilandan olduğu üçün şəhid ailəsi kimi Zəngilan Rayon İcra Hakimiyyətində mənzil növbəsinə durduğunu bildirərək, yaşayış şəraitinin ağır olmasını nəzərə alaraq mənzil verilməsinin tezləşdirilməsini istəyib, o cümlədən şəhid ailəsi kimi aldıqları müavinətin keçmiş həyat yoldaşı ilə aralarında bölüşdürülməsində haqsızlıq olduğunu qeyd edərək, bu məsələlərdə köməklik göstərilməsini xahiş edib.

RİH başçısı Abdin Fərzəliyev şəhid ailəsinə qanunvericiliyə uyğun olaraq köməkliyin göstəriləcəyini deyib, Abşeron RİH tərəfindən ailənin daim diqqətdə saxlanılacağını bildirib.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda silsilə vətəndaş qəbulları keçirilib. Fatmayı kəndində keçirilən növbəti səyyar-qəbulda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, YAP Abşeron rayon təşkilatının sədri, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak ediblər.

İştirakçılar əvvəlcə Fatmayı kəndində Şəhidlər Abidəsini ziyarət edib, ölkəmizin bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsini anıblar.

Səyyar qəbulda çıxış edən Abdin Fərzəliyev ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, Vətən müharibəsində qazanılan Zəfərdən, respublikamızdakı ictimai-siyasi sabitlikdən, həmçinin ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq Abşeronda həyata keçirilən sosial infrastruktur layihələrdən danışaraq qeyd edib ki, yerlərdə müşahidə edilən problemlər dərindən araşdırılır və həlli istiqamətində layihələr hazırlanır.

Daha sonra çıxış edən sakinlər daxili küçələrin abadlaşdırılmasında, yeni salınan yaşayış massivlərində infrastruktur layihələrin reallaşmasında köməklik göstərilməsini xahiş ediblər.

Növbəti gün isə Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında ənənəvi vətəndaş qəbulu keçirilib. Qəbulda RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak ediblər.

Sakinlər rayonda işlə təmin olunmaqda, şəhidlərin adını daşıyan küçələrə barelyeflərin vurulmasında və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.

Qaldırılan məsələlər yerindəcə həll olunub, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.