REGİONLAR
Abşeron rayonunda sürətli internetdən istifadənin əhatə dairəsi genişləndirilir
Xırdalan, 1 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda sürətli internetdən istifadənin genişləndirilməsi və keyfiyyətin yüksəldilməsi məqsədilə "Aztelekom" İstehsalat Birliyinin rayon telekommunikasiya qovşağının xidmət ərazilərində "Genişzolaqlı internetin inkişafı" layihəsi işlənib hazırlanıb və icrasına başlanılıb.
Abşeron Telekommunikasiya Qovşağının rəisi Tofiq Cəlalov AZƏRTAC-a bildirib ki, əsas hədəf ucqar kəndlər də daxil olmaqla, yüksəksürətli genişzolaqlı internetə çıxışı təmin etmək və istifadəçilərin sayını maksimuma çatdırmaq, habelə elektron xidmətlərin, distant təhsil, elektron ticarət və digər fəaliyyət formalarının geniş tətbiqinə nail olmaqdır.
Genişzolaqlı internet xidmətinə qoşulmaq istəyən abunəçilərin sayı artmaqda davam edir. Avqustun 1-nə olan məlumata əsasən, “Aztelekom.NET” internet provayderindən istifadə edən abunəçilərin sayı 17071 nəfər, özəl provayderdən istifadə edən abunəçilərin sayı isə 11116 nəfər olub. Hazırda hər 100 ailədən 21-i, hər 100 abunəçidən 38-i genişzolaqlı xidmətlərin istifadəçisidir.
Yeni salınmış yaşayış massivlərində genişzolaqlı internet xidmətlərindən istifadə etmək məqsədilə Xırdalan şəhəri Ş.Əfəndizadə küçəsində ODU tipli 512 NN tutumlu EATS qurulub, xətt şəbəkəsinin tikintisi və quraşdırılması başa çatdırılıb.
Vətəndaşların telefonla təmin edilməsi məqsədilə Xırdalan şəhərində, “Quşçuluq” yaşayış massivində, Binəqədi şosesində və Digah qəsəbəsində hər birində 200, Goradil kəndində 100, Masazır qəsəbəsində 150, Saray qəsəbəsində 300, Atyalı kəndində 100, abunəlik yeni telefon xətt şəbəkələri istifadəyə verilib və telefonlaşdırma işləri həyata keçirilib. Ümumilikdə, bu layihələrin həyata keçirilməsi məqsədi ilə 8140 metr məsafəyə müxtəlif tutumlu FO kabeli, 15565 metr TPP kabelləri çəkilib.
Həyata keçirilmiş tədbirlər nəticəsində ilin əvvəli ilə müqayisədə əsas telefon aparatlarının sayı 2465 ədəd artırılıb. Birliyin xidmət ərazisində abunəçilərin sayı 61 mini keçib. Hər 100 nəfərə düşən telefonların sayı 37-yə, hər 100 ailəyə düşən telefonların sayı isə 89-a çatıb.