REGİONLAR
Abşeron rayonunda təcrübə keçən könüllərə sertifikatlar təqdim edilib
Xırdalan, 17 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyətində təcrübə keçən “ASAN könüllü”lərinə sertifikatlar təqdim olunub. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri, həmçinin könüllülər iştirak edib.
Abşeron rayonunda könüllülərlə əməkdaşlıq etməkdə müsbət praktika var. Rayonda vətəndaşlarla keçirilən səyyar qəbullarda və eləcə də gündəlik iş proseslərində könüllülər aktiv şəkildə iştirak edirlər. Əvvəlki kampaniya zamanı iştirak edən könüllülərin bir hissəsi artıq işlə təmin olunub.
AZƏRTAC xəbər verir ki, bu dəfə 42 könüllü əsasən Bakı Mühəndislik Universitetinin və Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri həm icra hakimiyyətinin aparatında, həm də rayonda fəaliyyət göstərən təşkilat və müəssisələrdə 3 ay müddətində təcrübə keçiblər.
Sertifikatların təqdimetmə tədbirində bildirilib ki, hazırda respublika ərazisində keçirilən bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətləri var. Qeyd edilib ki, könüllülük hərəkatının inkişafından 3 tərəf bəhrələnir: ilk növbədə, könüllü özü bəhrələnir. O, çalışdığı sahədə böyük təcrübə əldə edir, özü üçün yeni strategiyalar müəyyənləşdirir. Könüllülük fəaliyyəti onların fərdi inkişafına təsir edir və gələcək kadr kimi formalaşdırır. 2-ci bir tərəf isə müəssisənin özüdür. Belə ki, gündəlik fəaliyyətinə könüllüləri əlavə etməklə özünün iş yükünü bir qədər yüngülləşdirir, gəncləri fəaliyyət sahələrinə cəlb edir. 3-cü tərəf isə vətəndaşdır. Vətəndaş müəssisəyə yaxınlaşdıqda onu elə qapıdaca cavan, gülərüz, işləməyə həvəsli gənc könüllününün qarşılaması, onu lazımi yönə istiqamətləndirməsi və müraciət etdiyi məsələ ilə bağlı köməklik göstərməsi vətəndaş məmnunluğu yaradır. Beləcə könüllü + müəssisə + vətəndaş üçbucağı nəticədə tərəflərin səmərə əldə etməsinə dəlalət edir. Burada başlıca rolu isə məhz könüllülər oynayır.
Çıxış edən könüllülər təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini, rayon icra hakimiyyəti aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər.
Sonda könüllərə sertifikatlar təqdim edilib.