İQTİSADİYYAT


Abşeron rayonunun Pirəkəşkül avtomobil yolu yenidən qurulur VİDEO

Bakı, 9 sentyabr, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən icra edilən qəsəbələrarası avtomobil yollarının yenidənqurulması layihələri sırasında Abşeron rayonunun Pirəkəşkül avtomobil yolu layihəsi də var.

Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, başlanğıcını Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 33-cü kilometrindən götürən və 7,3 kilometr uzunluğa malik Pirəkəşkül avtomobil yolu uzun müddət istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayıb. Bu isə avtonəqliyyat vasitələrinin rahat hərəkətinə problemlər yaradırdı. Bu problemlərin aradan qaldırılması, Pirəkəşkül qəsəbəsinin 1,4 min əhalisinin rahat gediş-gəlişini təmin etmək məqsədilə AAYDA tərəfindən təxirəsalınmaz tədbirlərə başlanılıb.

Məlumata əsasən, Pirəkəşkül avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin eni isə 2 metr təşkil edəcək. Yenidənqurma işlərinə uyğun olaraq köhnə örtük sökülür, yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əks dolğu işləri aparılaraq yeni yol yatağı inşa olunur. Bu işlərin ardınca yol əsasının inşasına başlanılacaq. Əsasın alt və üst layının tikintisi 70 min kubmetrdən artıq həcmdə icra olunacaq.

Bundan başqa, layihəyə uyğun olaraq Pirəkəşkül yolunun 1-ci kilometrində yerləşən 42 metr uzunluğa malik mövcud avtomobil körpüsünün əsaslı şəkildə təmirinə də başlanılıb.

Layihə boyu istismar müddətini bitirmiş müxtəlif diametrli suötürücü borular yerləşir. Bu səbəbdən boruların bəzilərinin sökülərək yenidən tikilməsinə, bir hissəsinin isə təmir olunaraq işlək vəziyyətə salınmasına zərurət yaranıb. Bu çərçivədə də tikinti zamanı müvafiq işlər aparılacaq.

Torpaq işləri yekunlaşdıqdan sonra “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yolun asfaltlanması işlərinə başlanılacaq, əlaqələndirici bitum səpilməklə yola alt və üst lay olmaqla yeni asfalt-beton örtüyü döşənəcək. Asfalt-beton örtüyünün döşənməsi işləri yolun 40 min kvadratmetrindən çox sahəsində aparılacaq. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Sonuncu mərhələdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolboyu zəruri yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkilərək yol yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.