REGİONLAR
Abşeron rayonunun gənc voleybolçuları ölkə turnirinin zona mərhələsində qələbə qazanıb
Xırdalan, 13 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə S.Əzimov adına Aşağı Güzdək qəsəbə tam orta məktəbində respublika turnirinin zona mərhələsində voleybol növü üzrə birinci yerə çıxmış şagirdlərlə görüş keçirilib. Yeniyetmələr arasında təşkil olunan turnir Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunub.
Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Elcin Quliyev AZƏRTAC–a bildirib ki, görüşdə məktəb direktoru, idman müəllimi və şagirdlər iştirak ediblər.
Qeyd edilib ki, ölkəmizdə idman siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, respublikamızda daim idmana və idmançılara yüksək diqqət və qayğı göstərilir. Ölkəmiz dünyanın ən mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir, Azərbaycan artıq dünyanın idman mərkəzlərindən birinə çevrilir və dünyada idman ölkəsi kimi tanınır. Həmçinin ümumi təhsil müəssisələrində idman infrastrukturunun ilbəil yaxşılaşdığını, təhsil müəssisələrində idman sahəsi üzrə uğur qazanan məktəblilərin sayının da artdığı bildirilib.
Məktəbin fiziki tərbiyə müəllimi Ramil Həsənli keçirilən yarışlarda yüksək nəticələr əldə edən, idman nailiyyətləri ilə fərqlənən şagirdlərin bundan sonra da həm məktəbin, həm də rayonun idman şərəfini layiqincə qoruyaraq, idmanın kütləviliyinin daha da artacağına əminliyini bildirib.
Görüşün sonunda yarış iştirakçılarına əldə etdikləri nailiyyətə görə Abşeron Rayon İcra Hakimiyyətinin təşəkkürnaməsi təqdim edilib.